“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları 25 iyun “Dənizçi Günü” ilə bağlı maraqlı layihə həyata keçiriblər.
Bu barədə “Report”a qurumdan bildirilib.
Məlumata görə, dənizçilər vətənə, dövlətə, milli maraqlara sadiqliyini, eləcə də dənizçi peşəsinə sevgilərini doğma Xəzərdə nümayiş etdiriblər. Bu məqsədlə dənizdə üçrəngli bayrağımız açılıb, ASCO-nun Xəzər Dəniz Neft Donanmasının “Üfüq” və “Turan” gəmilərinin şleyfi vasitəsilə ürək forması canlandırılıb.
Hər iki əməliyyat əvvəlcədən müəyyənləşdirilmiş koordinatlar əsasında yerinə yetirilib. Dəqiqlik tələb edən əməliyyatların öhdəsindən dənizçilər uğurla gəliblər.