Daha 22 Qazaxıstan vətəndaşı vətəninə yola salınıb

62

Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 22 Qazaxıstan vətəndaşı, eləcə də bu ölkədə yaşamaq hüququ olan 10 Azərbaycan və 1 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

“Report” bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir. 

Məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” bərə gəmiləri ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə mənfi çıxıb.

Xatırladaq ki, bu il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 2 ay ərzində isə ümumilikdə 109 Qazaxıstan vətəndaşı və 67 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.