Bayramınız mübarək olsun, əziz dənizçilər!

598

Hörmətli həmkarlar!

           25 iyun  “Dənizçi Günü”dür. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının bütün dəniz nəqliyyatı işçilərinə ərməğanı olan bu bayramı artıq yeddinci ildir ki, böyük minnətdarlıq hissi ilə qeyd edirik.

          Sizi peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

          Çoxminli kollektivimiz bu dəfə də peşə bayramını əliboş qarşılamır. Son bir ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi, yükdaşımaların həcminin artırılması, Xəzərdə aparıcı mövqeyini qoruyub saxlayan ASCO-nun Xəzərdənkənar fəaliyyətini daha da genişləndirilməsi, dənizçilərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımların hər biri həm də peşə bayramına töhfəmiz sayıla bilər.

          Dövlətimizin başçısının gəmiçilik sahəsinə daim göstərdiyi xüsusi diqqət və qayğı sayəsində bu gün ASCO deyəndə bütün dünyada müasir donanmaya malik gəmiçilik şirkəti başa düşülür. Donanmamızın gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunmuş gəmilərlə yenilənməsində isə ilk növbədə yerli gəmiqayırmanın imkanlarına üstünlük verilir. Hazırda Gəmiqayırma Zavodunda ASCO üçün 5 layihə icra olunur. Onlardan üçü RST12C tipli yeni nəsil tanker, ikisi unikal “Ro-Pax” tipli (CNF- 18C) gəmi-bərədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2020-ci il dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Laçın” adlı ilk neft tankerinin istismara verilməsi və “Azərbaycan” gəmi-bərəsinin suya salınması mərasimində iştirakı və “Vaxt var idi ki, Xəzər Dəniz Gəmiçiliyi dövlətdən dotasiya alırdı. Vergi şəklində cəmi 1 milyon manat ödəyirdi. Amma sonra tədbirlər görüldü, o cümlədən kadr islahatları aparıldı. İndi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gözəl standartlara çatıbdır və beynəlxalq şirkət kimi fəaliyyət göstərir.” sözləri bizə hədsiz sevinc bəxş etməklə yanaşı, həm də cavabdeh olduğumuz işlər üçün məsuliyyət hissimizi qat-qat artırır.

Yeri gəlmişkən bildirim ki, doğma sahillərdən uzaqlarda istismar ediləcək “Laçın” tankeri bu günlərdə ilk səfərini uğurla edib.

Əziz həmkarlar! Bu dəfə peşə bayramını əvvəlki coşqu, təmtəraqla qeyd edə bilməyəcəyimizin səbəbi sizə də bəllidir. Artıq neçə aydır ki, dünya COVID-19-un təhdidi altında yaşayır.

          Koronavirusun bütün sahələrdə yaratdığı problemlər kifayət qədər böyük olsa da, dəniz nəqliyyatının fəaliyyətində fasilələrə yol verilməyib. Dənizçilər ötən  aylarda daha böyük fədakarlıqla çalışıblar və bu gün də ən çətin tapşırıqların öhdəsindən məharətlə gəlirlər.

          Əminəm ki, gündən-günə çiçəklənən müstəqil Azərbaycanı qətiyyətlə daha xoşbəxt gələcəyə aparan dövlət başçımızın hər sahədə mütərəqqi siyasətini dəstəklədiyinizi bundan sonra da əməli işinizlə sübut edəcək, müqəddəs üçrəngli bayrağımızı yaxın-uzaq ölkələrin sularında böyük iftixarla dalğalandıracaq, yük daşınmasında, Xəzərdə neft və qaz istehsalında yüksək dəniz nəqliyyatı xidmətləri göstərilməsində çiyninizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəksiniz.

          Sizə aydın səma, uğurlu səfərlər arzulayıram.

          Bayramınız mübarək olsun!

Rauf Vəliyev,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri