Polşa liman infrastrukturlarının inkişafı təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır

55

Polşa liman infrastrukturlarının inkişafı təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır.

Bu barədə Trend-ə Polşanın Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlik deyib: “Polşa və Azərbaycan dəniz limanları arasında institusional əlaqələr qurulub. Ələtdə sərbəst ticarət zonası yaratmaqla bağlı Azərbaycanın planlarının həyata keçirilməsini səbirsizliklə gözləyirik. Limanların Orta Asiya və Uzaq Şərq bazarlarının yaxınlığında inkişaf etdiyini nəzərə alaraq bu sahədə potensial olduqca böyükdür”.

Qurumdan qeyd edilib ki, Polşa və Azərbaycan öz limanlarını, multimodal terminallarını və dəmir yollarını səmərəli birləşdirmək üçün birlikdə işləməlidirlər: “Limanların inkişafı investisiya, sabit, aydın şərtlər və fasiləsiz dövlətlərarası əməkdaşlıq tələb edir. Polşa iqtisadiyyatında ciddi dəyişikliklər baş verib və ölkə liman infrastrukturunun inkişaf etdirilməsində öz təcrübəsini bölüşməyə hazırdır”.

Xarici İşlər Nazirliyində, xüsusilə konteyner daşımalarının istifadəsi ilə multimodal nəqliyyatın əhəmiyyətinin getdikcə artdığı vurğulanıb.

“Təchizat zəncirinin fasiləsiz işləməsini təmin etmək təkcə fövqəladə deyil, adi hallarda da vacibdir. Buna görə nəqliyyat yollarının şaxələndirilməsi qloballaşan iqtisadiyyatın bütün subyektləri üçün zəruri və faydalıdır”.

Qeyd edək ki, Bakı limanı Ələtdə (Bakıdan 70 km cənubda yaşayış məntəqəsi), iki əsas nəqliyyat dəhlizinin – Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Məhz burada Azərbaycanın əsas dəmiryolu və avtomobil şəbəkələri biraraya gələrək, limanın əsas bir mərkəz kimi reallaşdırılmasına töhfə verərək regional və qlobal tədarük zəncirlərinin açarı olur. Bakı limanı nəinki böyük intermodal paylama mərkəzi rolunu oynayacaq, eyni zamanda liman fəaliyyətləri, gömrük zonası, Ələt qəsəbəsi infrastrukturunun inkişafı və müxtəlif nəqliyyat və nəqliyyat olmayan layihələr də daxil olmaqla inteqrasiya olunmuş inkişaf modeli kimi istifadə ediləcək.