Azərbaycan Avropa və Asiyanı birləşdirən əsas məkana çevrilir…

92

Iqtisadi müstəvidə aparılan təhlillər göstərir ki, qarşıdakı dövrdə Azərbaycan qeyri-neft sektoru vasitəsilə daha böyük gəlir əldə edəcək. Bu sektorun əsas aparıcı sahələrindən biri isə nəqliyyat sektoru olacaq. Faktdır ki, ötən dövr ərzində Azərbaycanda bu sektora qoyulmuş böyük investisiyalar sayəsində ölkədə müasir nəqliyyat və logistika infrastrukturu yaradılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan üzərindən yükdaşımalar sürətlə artır, bu istiqamətdə əldə edilən gəlirlər çoxalır.

Bu gün Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilən Azərbaycanda qeyd edilən istiqamətdə diqqət çəkən məqamlardan biri də “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə bağlıdır. Artıq bu layihəyə dünya miqyasında böyük maraq ifadə olunur. Qeyd edək  ki, sözügedən məsələyə Prezident İlham Əliyev Əfqanıstandan olan həmkarı  Məhəmməd Əşrəf Qani və Türkmənistan dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfrans zamanı da xüsusi olaraq  toxundu:”Şərq-Qərb” nəqliyyat dəhlizi artıq tam şəkildə fəaliyyət göstərir. 2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınmışdır. Bu ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatmışdır… “Şərq-Qərb” nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə etmişdir… Lapis-Lazuli marşrutunun 2018-ci ildə Bakı-Tiflis-Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklər Türkmənistandan Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlanmışdır. 2018-ci ilin dekabr ayında Əfqanıstandan yola salınan ilk sınaq yükü 12 gün ərzində Bakı limanına çatdırılmışdır. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan vasitəsilə Əfqanıstan istiqamətində və əks istiqamətdə 55,5 min ton yük daşınmışdır. Azərbaycan yük təyyarələri ilə həmin dövrdə ölkəmizə və digər ölkələrə məxsus 12 min tona yaxın yükü Əfqanıstana çatdırmışdır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmişdir”. Dövlət başçısı qeyd edib ki, “Şərq-Qərb” nəqliyyat dəhlizinin imkanlarının daha da artırılması üçün səylər davam etdirilməlidir: “Yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsi vacibdir. Avropa İttifaqının “Şərq-Qərb” nəqliyyat dəhlizinə marağı artmaqdadır. 2019-cu ilin iyul ayında Azərbaycana səfər etmiş Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tusk Ələt Beynəlxalq Dəniz Ticarət Limanına getmiş və limanın imkanları ilə yerində tanış olmuşdur. Artıq bir neçə Avropa ölkəsi bu dəhlizə qoşulmuşdur. Digər tərəfdaş dövlətlər də dəhliz vasitəsilə yükdaşımalara böyük maraq göstərirlər”. Bütün bunlar “Şərq-Qərb” nəqliyyat dəhlizi sayəsində həm Avropanın, həm də Asiyanın Azərbaycana marağının artmaqda olduğunu göstərir.

Ekspertlər də bildirir ki, Avropa ilə Asiyanın qovuşağında, “İpək Yolu”nun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, Azərbaycanda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Belə infrastrukturların qurulması “İpək Yolu” marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir.

“Şərq-Qərb” nəqliyyat dəhlizinin  cəlbediciliyi ilk növbədə onunla ölçülür ki, o, eyni zamanda Rusiyanın, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın daha əlverişli dəhliz vasitəsilə Avropa və dünya bazarlarına, o cümlədən geriyə çıxışını asanlaşdırır. Xüsusən Bakı-Tiflis-Qars istifadəyə veriləndən sonra Çindən başlayaraq Orta Asiyaya, Cənubi Qafqaza, sonra da Türkiyə vasitəsilə Avropaya, o cümlədən geriyə daşınan yüklərin çatdırılması müddəti dəniz daşımalarına nisbətən iki dəfədən çox qısalıb. Mütəxəssislərin fikrinə görə, bu dəhliz hazırda Avropanı Asiya ilə birləşdirən ən əlverişli, qısa və təhlükəsiz nəqliyyat dəhlizi hesab olunur. Onun vasitəsilə son illərdə daşınan malların həcmi bir neçə dəfə artıb. Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, bu ərazidə yaradılan Azad Ticarət Zonası və digər mühüm infrastruktur layihələri də bu fonda Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi rol oynayır. “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə yanaşı, “Şimal-Cənub” da Azərbaycana böyük perspektivlər vəd edir. Hesab edilir ki, “Şimal-Cənub” işə düşdükdən sonra yükdışmalar Azərbaycana kifayət qədər böyük həcmdə pul qazandıracaq. Onu da bildirək ki, “Şimal-Cənub” dəhlizi Hindistan və Cənubi-Şərqi Asiya ölkələrindən gələn yüklərin İranın Bəndər-Abbas limanından Azərbaycan üzərindən daşınmasını təmin edəcək. Bu marşrut üzrə ildə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu dəhlizlə Cənub-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq. Finlandiyanın dəhlizə qoşulması isə nəqliyyat dəhlizinin potensialını daha da gücləndirəcək. Bu baxımdan Azərbaycan üçün “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyəti artır. Dəhlizin tam işə düşməsi üçün isə Astara–Rəşt–Qəzvin dəmir yolunun tam hazır olması lazımdır. Bu istiqamətdə intensiv iş gedir. 

Ramil QULİYEV