İranın Bəndər-Abbas və Çabahar limanlarına daxil olan yüklər Avropaya Azərbaycan üzərindən daşınacaq

121

İranın Nəqliyyat və Şəhərsalma naziri Məhəmməd İslaminin iştirakı ilə Sistan-Bəlucistan vilayətində Çabahar-Zahidan dəmir yolu xəttinin əsası qoyulub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən nazir dəmir yolunun Asiya ilə Avropanın birləşməsində, region ölkələrinin inkişafında və beynəlxalq ticarətin canlanmasında əhəmiyyətli rol oynayacağını bildirib.

Qeyd edək ki, İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirak edən əsas dövlətlərdən biri kimi əvvəlcə özünün nəqliyyat infrastrukturunu yeniləşdirir. Çabahar-Zahidan dəmir yolu xətti təkcə İranın 2 şəhərini deyil, eyni zamanda, Çabahar limanının yerləşdiyi Sistan-Bəlucistan vilayətini milli dəmir yolu sisteminə birləşdirir. Bu isə onu deməyə əsas verir ki, Körfəz sahilindəki Bəndər-Abbas limanı ilə yanaşı, Çabahar limanı da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə çıxış əldə edəcək. Bir tərəfdən Körfəz sahilindəki ölkələr, digər tərəfdən isə Cənub-Şərqi Asiya dövlətləri Avropa ilə ticarət əlaqələrini “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə həyata keçirəcəklər. Bu halda Körfəz ölkələri Bəndər-Abass limanından, Cənub-Şərqi Asiya ölkələri isə Çabahar limanından istifadə edəcək. Hər iki limandan Avropaya və əks istiqamətə yüklər Qəzvin-Rəşt –Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə daşınacaq.

Azərbaycanın böyük həcmdə yükləri qəbul edib yola salması üçün bütün infrastrukturu hazırdır. Azərbaycanın və İranın Astara şəhərlərini birləşdirən dəmir yolu xətti istismara verilib. Bakı-Astara avtomobil yolu yenidən qurulub. Ələt beynəlxalq dəniz ticarət limanında da yenidənqurma işləri aparılıb və yük aşırımı artırılıb.

Hazırda Qəzvin-Rəşt-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi fəaliyyət göstərir. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir. Bu yolla yanaşı, Çabahar-Zahidan yolu da hazır olduqdan sonra Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevriləcək.

M.İslami qeyd edib ki, 628 kilometr olan Çabahar-Zahidan yolunun 150 kilometri cari ilin sonuna kimi inşa edilib başa çatdırılacaq. Tikintinin bu sürətlə aparılması onun yaxın 3 il ərzində tamamlanacağını deməyə əsas verir. Bu dəmir yolu ilə ildə 927 min sərnişin və 2,8 milyon ton yük daşınması nəzərdə tutulub.

Beləliklə, Azərbaycan həm Avropa, həm də Asiya ölkələrinin yaxın iqtisadi partnyoruna çevriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır