Liviya limanlarla neft ixracını bərpa edir

119

Liviya hökuməti neft ixracı ilə bağlı fors-major məhdudiyyətləri ləğv edib.

“Report” “Argus Media”ya istinadən xəbər verir ki, Milli Neft Şirkətinin (NOC) açıqlamasına görə, bununla da yanvar ayının 17-dən ölkədən quru yolla daşımalara təsir edən blokada aradan qaldırılıb. Lakin yataqlar və limanların fəaliyyətsiz qaldığı müddət ərzində infrastruktura vurulan ziyan səbəbindən neft hasilatının ləng dirçələcəyi qeyd edilir.

Qeyd edək ki, ölkənin şərqindəki limanlar Xəlifə Həftarın başçılıq etdiyi “Liviya milli ordusu” adlı silahlı birləşmənin himayə etdiyi “Neft Təsisatları Keşikçisi” (PFG – Petrol Facilities Guard) tərəfindən yanvar ayından bağlanmışdı.

Əs-Sider limanı rəsmi olaraq iyulun 8-də açılsa da, PFG-nin əngəllərinə görə “Kriti Bastion” adlı ilk tanker gəmisi yalnız ötən gün limana daxil ola bilib və yüklənməyə başlanıb.

NOC-un açıqlaması ölkənin qərbindəki yataqlara şamil edilmir. Belə ki, həmin yataqlar yerli qəbilələr, habelə aralarında Rusiyanın “Wagner Group” yarımhərbi agentliyinin də olduğu əcnəbi muzdlu dəstələr tərəfindən zəbt edilmişdi. Yerli mənbələr məhsuldarlığı 70-300 min barel olan bu yataqlarda da hasilatın bərpa edilməsinin mümkünlüyünü bildirir. İyun ayının əvvəllərində xarici ölkələrlə danışıqlarda əldə edilmiş irəliləyişdən sonra NOC “Əl Şərara” və “Əl Feel” yataqlarında hasilatı bərpa etməyə cəhd etmiş, lakin bölgə silahlı dəstələr tərəfindən zəbt edildiyi üçün bu baş tutmamışdı.

Yanvar ayından etibarən Liviya yalnız dəniz yataqlarından xam neft ixrac edirdi. Ötən həftə NOC ölkənin qərbində yerləşən yataqlardan ilk olaraq “Mesla” yatağında hasilatı bərpa etdi.