Çabahar-Zahidan dəmir yolu Hindistanla Rusiyanın ticarət əlaqələrinin inkişafına böyük töhfə olacaq

80

Çabahar-Zahidan dəmir yolu xətti Hindistan ilə Rusiya arasında ticarət əlaqələrinin inkişafına böyük töhfə olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Dövlət Dəmir Yolları İdarəsinin rəisi Səis Rəsuli deyib. O bildirib ki, Çabahar limanının yükaşırma imkanlarının 2,5 milyon tondan 8,5 milyon tona yüksəldilməsi dəmir yolu çəkilişini zərurətə çevirmişdi. Gələcəkdə Çabahar-Zahidan dəmir yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yolu xəttinə birləşəcək.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin daxil olan əsas yol Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yoludur. Bildiyimiz kimi, bu yolla yüklər İrandan Azərbaycana, buradan isə Rusiya və Avropaya daşınacaq. Çabahar limanından Zahidana çəkiləcək dəmir yolunun İranın dəmir yollar sisteminə qoşulması onu deməyə əsas verir ki, Hindistandan Rusiya və Avropaya, eləcə də əks istiqamətə daşınacaq bütün yüklər Azərbaycan üzərindən keçəcək.

İran artıq rəsmi şəkildə bildirir ki, Cənub-Şərqi Asiya ölkələrindən Çabahar limanına daxil olan yüklər Azərbaycan üzərindən Rusiya və Avropaya daşınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır