Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək

274

Azərbaycanda iyulun 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 29-33° isti, Bakıda gecə 23-25°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 751 millimetr civə sütunundan 755 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 14-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır