SOCAR iyulun 17-dən Bakı-Novorossiysk neft kəməri ilə ixracı bərpa edəcək

312

SOCAR 2020-ci il iyulun 17-dən Bakı-Novorossiysk boru kəməri ilə neft ixracını bərpa etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

İbrahim Əhmədov
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini

“Bakı-Novorossiysk boru kəməri ilə ixracın bərpa olunmasına gəlincə, neftin nəqlinə cari ilin 17 iyul tarixində başlanılması planlaşdırılır”, – deyə İ.Əhmədov bildirib.

Bununla belə, o, “Şimal” marşrutu ilə nəql edilməsi nəzərdə tutulan neftin həcmini açıqlamayıb.

Xəbər verildiyi kimi, SOCAR 2020-ci ilin yanvar ayından Bakı-Novorossiysk boru kəməri ilə neft nəql etməyib. Şirkət neft həcmlərini əsasən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixraca göndərirdi.

SOCAR Novorossiysk boru kəməri vasitəsilə ixracın dayandırılmasının səbəblərini açıqlamayıb. Əhmədov yalnız qeyd edib ki, “əldə olan məlumata görə, sözügedən neft kəmərində müəyyən təmir-profilaktika işləri aparılır”.

Energetika Nazirliyinin məlumatına görə, SOCAR 2019-cu ildə Bakı-Novorossiysk kəməri ilə 824,4 min ton neft nəql edib ki, bu da 2018-ci ilin göstəricisindən 36,5% azdır.

Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir.