“SOCAR-Petrofac” birgə müəssisəsi və “BP-Azerbaijan” şirkəti arasında 5 illik saziş imzalanıb

36

“SOCAR-Petrofac” birgə müəssisəsi və “BP-Azerbaijan” şirkəti beynəlxalq kadrlara dəstək və treninq xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib. Bu barədə SOCAR-ın məlumatında deyilir.

““SOCAR-Petrofac” birgə müəssisəsi və “BP-Azerbaijan” şirkəti arasında beynəlxalq əməkhaqqının dəyərləndirilməsi və kadrlara dəstək xidmətləri, o cümlədən treninq xidmətləri göstərilməsi üzrə saziş imzalanıb. 5 il müddətinə bağlanmış 100 milyon dollar dəyərində saziş beynəlxalq əməkhaqqı və kadrlara dəstək xidmətləri, o cümlədən “BP-Azerbaijan” şirkəti əməkdaşlarının Azərbaycanda və ölkə xaricində treninq kursları keçmələri üçün imkan yaradılmasını nəzərdə tutur”, – deyə məlumatda bildirilir.

Saziş “BP-Azerbaijan” şirkətinin əməkdaşlarının Azərbaycanda və ölkə xaricində treninq kursları keçməsi üçün imkanların yaradılmasını nəzərdə tutur.

“Kadrların peşəkar hazırlığı və peşəkarlığının yüksəldilməsi Sənaye 4.0 dövründə böyük şirkətlər qarşısında duran mühüm vəzifələrdəndir. Pandemiya və neft qiymətlərinin enməsi nəticəsində yaranmış çağırışlar baxımından bu, artıq həyati əhəmiyyət kəsb edir. Aydındır ki, aparıcı neft və qaz şirkətlərinin peşəkar treninq xidmətlərinə tələbatı artmaqda davam edəcək. Bu gün biz BP ilə tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmaqdan məmnuniyyət duyuruq və məhsuldar əməkdaşlığımızı davam etdirmək əzmindəyik”, – deyə SOCAR-ın kadr, IT və rejim üzrə vitse-prezidenti Xalik Məmmədovqeyd edib.

Xəbər verildiyi kimi, 2017-ci ilin dekabr ayında SOCAR və “Petrofac” arasında birgə nizamnamə kapitalı 100 min manat olan müəssisənin yaradılmasına dair təsis müqaviləsi imzalanıb. Birgə müəssisədə SOCAR-ın payı 51%, “Petrofac” şirkətinin payı 49%-dir.

Birgə müəssisənin yaradılmasında məqsəd hər iki şirkətin öz imkanlarından istifadə edərək neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Şirkətin fəaliyyət sahəsinə Azərbaycanda və digər ölkələrdə həyata keçirilən enerji layihələri üçün əməkdaşların təkmil və müasir proqramlar əsasında təlimi üzrə xidmətlərin göstərilməsi daxildir.