Azərbaycanda bp tərəfindən tam maliyyələşdirilən bu proqram gənc mühəndislərin öz karyeralarında ehtiyac duyduqları idarəetmə və biznes bacarıqlarını inkişaf etdirmələrinə yardım etmək üçün nəzərdə tutulub. Bu layihə bp-nin ölkədə potensialın yaradılmasına və ümumilikdə təhsilin inkişafına dəstək olmaq öhdəliyinin bir hissəsidir.
Bu proqram çərçivəsində gənc mühəndislərə daxili və xarici əməliyyatları təkimilləşdirməkdə lazım olan analitik vasitələr və üsulları tədris etmək üçün geniş təlimlər təklif olunacaq. Gözlənilir ki, bu yeni bacarıqlar gənc mühəndislərə mürəkkəb biznes problemlərini təhlil etməyə və qiymətləndirməyə imkan yaradacaq və “problem həll etmə” və “qərar vermə” kimi sahələrə çevik yanaşmalar tətbiq etməyə kömək edəcək.
Proqram Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən idarə olunacaq və ölkədəki bütün təşkilatların gənc mühəndisləri üçün açıq olacaq. Proqramın kurikulumuna biznesin idarə olunmasına dair nəzəri və praktiki biliklər, nizamlayıcı təlimlər və uğurlu təcrübəçilər ilə iş daxildir.
Bu gün proqramın açılışına həsr edilmiş onlayn tədbirdə çıxış edən bp-nin Yaxın Şərq və Xəzər Regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Uzun illər gənc mühəndisləri işə götürərkən biz öz təcrübəmizdə də bir çox hallarda müşahidə etmişik ki, onların peşə bilikləri və texniki bacarıqları güclü olsa da, idarəetmə və biznes bacarıqlarında çatışmazlıqlar olur. Beləliklə, qərara gəldik ki, gənc mühəndislərə dünyada və Azərbaycanda müasir bizneslərin və təşkilatların daha çox tələb etdiyi zəruri biznes idarəetmə bacarıqlarının inkişaf etdirilməsində yardım edə bilərik. Bu mühüm proqramın idarə edilməsini öz üzərinə götürdüyünə görə BANM və onun rəhbərliyinə minnətdarlığımızı bildiririk və əminik ki, bu, bp və bu möhtəşəm ali məktəb arasında çox uğurlu əməkdaşlığın digər bir bariz nümunəsi olacaq.”
BANM-in rektoru Elmar Qasımov: “Bu cür layihələr gənc mühəndislərdə biznes təfəkkürünün, menecer bacarıqlarının formalaşmasına xidmət edir. Əminəm ki, layihədə tədris olunacaq modullar iştirakçılara onların biznes karyerasında, hətta gündəlik həyatlarında müsbət dəyişikliklər edəcək biliklər verəcək. Peşəkar kadr olmaq istəyən mühəndislərin akademik və texniki biliklərlə yanaşı, sosial bacarıqlara da yiyələnməsi müasir dövrün tələbidir. Belə bir unikal layihəyə dəstək verdiyinə görə BP şirkətinə təşəkkür edir və bütün iştirakçılara uğurlar diləyirəm.”
Təlimlər səkkiz əsas moduldan ibarət olacaq: Rəhbərlik və komandalar: digərlərini necə moyivasiya etməli; Layihələrin idarə edilməsi və risklər; Maliyyə idarəetməsi; İnsan resursları; Dəyilikliklərin idarə olunması; “Design thinking”; Çevik idarəetmə; Etik normalar və tələblərə uyğunluq.
Layihənin ümumi dəyəri 258000 AZN-dir.
bp şirkəti Azərbaycanda təxminən 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin operatorluğunu təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək, bp öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə 76 milyard dollardan artıq sərmayə qoyub və on minlərlə iş yeri açmaqla və özünün geniş sosial sərmayə fəaliyyətlərini (yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, idman potensialı və ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlmiş) həyata keçirməklə yerli icmalara töhfələr verib.
Azərbaycanda bp şirkətində 2500 nəfərdən çox Azərbaycan vətəndaşı işləyir və bu da, şirkətin ixtisaslaşmış heyətinin 90 faizini təşkil edir.
Ötən 28 il ərzində bp və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.
2019-cu ildə bp və tərəfdaşları Azərbaycanda öz sosial investisiya layihələrinə təxminən 4 milyon ABŞ dolları vəsait xərcləmişlər.
Ümumilikdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 87 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.