“Şimal axını-2” layihəsinə qarşı sanksiyalar Senatdan da keçdi

43

ABŞ Senatında Pentaqonun 2021-ci maliyyə ili üçün büdcə layihəsi təsdiqlənib. Bu il oktyabrın 1-də başlayacaq maliyyə ili üçün ABŞ Müdafiə Nazirliyinə 740 milyard dollar ayrılıb.

Lehinə 86, əleyhinə 14 səs olmaqla qəbul olunan sənəddə Rusiyadan Avropaya uzanan “Şimal axını-2” qaz boru kəməri layihəsinə qarşı sanksiyaların genişləndirilməsi də əksini tapıb. Belə ki, sənəddə kəmərin dənizin dibi ilə döşənməsində iştirak edən, onları sığortalayan, texniki xidmət həyata keçirən və avadanlıqla təmin edən bütün şirkətlərə sanksiyaların tətbiqi nəzərdə tutulur. Hazır olduqdan sonra kəmərə sertifikat verəcək şirkətlər də sanksiyaya məruz qalacaq. Senator Con Barraso bildirib ki, sanksiyalar boru kəmərinin tikintisini dayandırmağa və Rusiyanın bu geosiyasi silahının neytrallaşdırılmasına kömək edəcək.

Qeyd edək ki, Konqresin Nümayəndələr Palatası iyulun 22-də müdafiə büdcəsinin başqa variantını qəbul edib. Orada da “Şimal axını-2” və “Türk axını” layihələrinə qarşı sanksiyalar qeyd olunub. Qanunvericilər “Şimal axını-2” layihəsi üzrə sığorta risklərinin qiymətləndirilməsini (anderraytinq) həyata keçirən və kəmərin çəkilməsində iştirak edən gəmilərə sığorta xidməti göstərən, eləcə də texnoloji avadanlıqlarla təchiz edən şirkətlərin sanksiyaya məruz qoyulmasını tələb edirlər.

Bütün bu sanksiyalar qüvvəyə minərsə, kəmərin tikintisini başa çatdırmaq xeyli çətinləşəcək, bəlkə də qeyri-mümkün olacaq.

İndi Konqresin yuxarı və aşağı palataları hər iki variantı müzakirə edib, vahid sənəd üzərində anlaşaraq onu prezidentin imzasına təqdim etməlidir.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Konqresin 2020-ci maliyyə ili üçün qəbul etdiyi büdcə qanununda “Şimal axını-2“ layihəsinin iştirakçılarına qarşı sanksiyaların tətbiqi də yer alıb. Bundan sonra amerikalı senatorlar dəniz dibində kəməri döşəyən İsveçrənin “Allseas” şirkətinə xəbərdarlıq məktubu göndəriblər. Məktubda bildirilib ki, əgər şirkət ABŞ prezidentinin büdcə qanununu imzalamasından sonra bircə gün belə olsa, layihədə qalmağa davam edərsə, ağır sanksiyalar və iflasla üzləşəcək. Bu xəbərdarlıqdan dərhal sonra, qanun hələ qüvvəyə minməmiş, “Allseas” layihədən çıxıb və öz gəmilərini geri çəkib. Nəticədə tikinti dayanıb. Rusiya hazırda özünün “Akademik Çerskiy” və “Fortuna” gəmiləri ilə tikintini davam etdirməyə hazırlaşır. Bu gəmilər texnoloji imkanlarına görə “Allseas”ın gəmilərindən xeyli geri qalsa da, borunun qalan kiçik hissəsinin tikintisini başa çatdıra bilər.

“Şimal axını -2 kəməri” Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya uzanır. 1224 km uzunluğu olan kəmərin iki qolu ilə ildə 55 milyard kubmetr qaz nəql olunması planlaşdırılır. Kəmərin 93%-i artıq hazırdır və cəmi 7%-i qalıb. Əgər ötən ilin dekabrındakı ABŞ sanksiyaları olmasaydı, layihənin icrası bir neçə aya yekunlaşacaq və boruya qaz buraxılacaqdı. 9,5 milyard dollarlıq layihədə Avropanın OMV, “Wintershall Dea”, “Uniper”, “Shell” və “Engie” şirkətləri də iştirak edir.

ABŞ bu kəmərin Avropanın Rusiyadan enerji asılılığını artıracağını, Avropaya qaz nəqlində Ukraynanın tranzit rolunu məhdudlaşdıracağını bildirir. Avropa Birliyi isə ABŞ sanksiyalarını yolverilməz sayır və bunu Avropanın suverenlik hüquqlarının pozulması kimi qiymətləndirir. Moskva öz növbəsində hesab edir ki, ABŞ Rusiya qazını Avropa bazarından çıxarmaqla özünün sıxılmış maye qazını baha qiymətə avropalılara satmaq niyyətindədir.

Xatırlatmaq yerinə düşər ki, Rusiya təbii qazının ən iri müştərilərindən olan Türkiyə “Qazporm”dan qaz idxalını xeyli azaldaraq Azərbaycandan, eləcə də ABŞ, Qatar, Nigeriya, Əlcəzair kimi sıxılmış qaz tədarükçülərindən idxalı artırıb.