Yaponiyanın “Mitsubishi Chemical” şirkəti dəniz suyunda həll olan plastik paketlər hazırlayıb

33

Yaponiyanın “Mitsubishi Chemical” şirkəti dəniz suyunda tamamilə həll olan plastik paketlər hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalının bazar günü buraxılışında məlumat yayıb.

Bildirilir ki, yeni paketlər formasına və fakturasına görə adi polietilendən fərqlənmir. Onun hazırlanmasında şəkər qamışından istifadə olunub. Şirkətdən bildiriblər ki, belə paketlər bir gün ərzində dəniz suyunda həll olur. Bu, okean və dəniz sularının plastik tullantılardan təmizlənməsinə böyük təsir göstərəcək.

Hazırda “Mitsubishi Chemical” şirkəti digər milli şirkətlərlə birlikdə həmin paketlərin kütləvi istehsalına hazırlaşır.

Xatırladaq ki, iyulun 1-dən başlayaraq, Yaponiya marketlərində alınan məhsulları yığmaq üçün plastik paketlər müəyyən ödəniş müqabilində təklif edilir. Hakimiyyət orqanlarının qənaətinə görə, bu addım plastik tullantıların qarşısının alınmasında mühüm rol oynayacaq. Bununla yanaşı, alıcılara suda həll olan bitki toxumalarından hazırlanmış paketlər də təklif olunur. Eyni zamanda, alıcılardan marketlərə öz çantaları ilə gəlmələri də xahiş edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır