ВР IV rübdə “Çıraq” platformasında profilaktik işlər aparmağı planlaşdırır

80

“BP-Azerbaijan” şirkəti 2020-ci ilin IV rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundakı “Çıraq” platformasında profilaktik işlər həyata keçirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.

“Cari il üçün AÇG blokundakı “Çıraq” platformasında qısamüddətli profilaktik işlərin aparılması planlaşdırılır. Bu işlər IV rübdə həyata keçiriləcək”, – deyə o bildirib.

Daha əvvəl BP-nin Yaxın Şərq və Xəzərölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirmişdi ki, “BP-Azerbaijan” şirkəti 2020-ci ilin II yarısında “Çıraq” platformasını profilaktik işlərin aparılması məqsədilə dayandırmağı planlaşdırır.

Onun sözlərinə görə, profilaktik işlərin aparılma müddəti daha sonra müəyyən ediləcək və görüləcək işlərin həcmindən asılı olacaq. Sadə versiya daha az vaxt aparacaq, çünki yalnız təftişin aparılmasını nəzərdə tutur. İkinci variantda müəyyən əsaslı təmir işləri nəzərdə tutulur. Seçiləcək variantdan asılı olaraq platformalarda iş daha az və ya çox müddətə dayandırıla bilər.

Hazırda AÇG blokunda neft hasilatı 6 platformadan həyata keçirilir.

2019-cu ildə AÇG blokundan 195 milyon bareldən çox (26 milyon ton) neft hasil olunub.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Azərbaycanın SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Norveçin “Equinor” (7,27%) və Türkiyənin TPAO (5,73%) şirkətləridir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir.