İran limanlarının beynəlxalq əlaqələrinin genişlənməsi Azərbaycan üçün də əhəmiyyətlidir

89

İranın dəniz limanları ilə müxtəlif ölkələrin limanları arasında əməkdaşlıq haqqında 40 müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Dəniz Limanları Təşkilatının icraçı direktoru Məhəmməd Rostad bildirib. O diqqətə çatdırıb ki, İran limanlarının coğrafi mövqeyi qitələr arasındakı ticarət əlaqələrinin genişlənməsinə imkan verir.

İqtisadiyyatın inkişafında nəqliyyatın rolu danılmazdır. Təsadüfi deyil ki, İran limanları ilə əməkdaşlıq haqqında müqavilələr məhz “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi formalaşmağa başladıqdan sonra imzalanıb.

M.Rostad bildirib ki, İran limanlarına daxil edilən yüklər tranzit olaraq Rusiyaya və Avropaya daşınacaq. Eyni zamanda, əks istiqamətə daşınan yüklər da tranzit olaraq İran ərazisindən keçəcək.

Qeyd edək ki, İran limanları vasitəsilə Asiyadan Avropaya və əks istiqamətdə daşınan yüklər təkcə İranın deyil, eyni zamanda, Azərbaycanın ərazisindən də tranzit olaraq keçəcək.

İranın beynəlxalq əhəmiyyətə malik olan iki limanı var. Onlardan biri Fars körfəzindəki Bəndər-Abbas, digəri isə Hind Okeanına çıxışı olan Çabahar limanıdır. Bəndər-Abbas limanı körfəz ölkələrinin, Çabahar limanı isə Cənub-Şərqi Asiya ölkələrinin Avropa ilə ticarət əlaqələrində mühüm rol oynayır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi də məhz bu limanlara görə əhəmiyyətlidir. İstər körfəz ölkələri, istərsə də Cənub-Şərqi Asiya ölkələri yüklərini Avropa məhz İran limanları vasitəsilə ixrac etmək istəyində olduqlarını bəyan ediblər. Təsadüfi deyil ki, Hindistan Çabahar limanının yenidən qurulması üçün 200 milyon dollar həcmində sərmayə yatırıb.

İran limanlarının digər ölkələrin limanları ilə əməkdaşlıq haqqında 40 müqavilənin imzalanmasının Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, hər iki limandan İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Rusiyaya, oradan isə Avropaya daşınacaq. Azərbaycan da beynəlxalq xarakterli nəqliyyat qovşağına çevriləcək. Bundan başqa, nə qədər çox yük daşınacaqsa, Azərbaycanın da tranzit gəlirləri bir o qədər artacaq.

Onu da qeyd etmək lazımdır ki, dünyanın 40 limanının İran limanları ilə əməkdaşlığa can atması təsadüfi deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, əvvəlki marşrutdan fərqli olaraq, yüklərin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınması vaxtı və nəqliyyat xərclərini kifayət qədər azaldır.

Azərbaycan böyük həcmlərdə yükləri qəbul edib yola salmağa tam hazırdır. İri yükaşırma imkanı olan Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulmasından başlayaraq, avtomobil yollarının təmirinə və İranın dəmir yolu ilə Azərbaycanın dəmir yolları sisteminin birləşməsinə kimi bütün işlər həyata keçirilib.

Çabahar və Bəndər-Abbas limanlarından yüklər birbaşa vaqonlara yüklənərək Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Avropaya daşınacaq. Bu yolun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Yolun Rəşt-Astar hissəsində isə işlər davam edir. Bu hissənin gələn ilin sonuna kimi tikilib istifadəyə verilməsi gözlənilir. Dəmir yolu tam istismara verildikdən sonra yüklərin İran, Azərbaycan və Rusiya vasitəsilə Avropaya daşınması başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır