Azərbaycan qitələrarası ticarətdə əsas tranzit məkana çevrilir…

345

Aparılan son hesablamalar göstərir ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttindən keçməklə yük daşıyan Çin–Türkiyə qatarlarının hərəkət müddəti 10 günə düşəcək. Türkiyə Dövlət Dəmir Yollarının qeyd edilən xüsusda yaydığı açıqlamada bildirilir ki, sözügedən istiqamətdə hərəkət edən qatarlarla daşınan yüklərin bir qismi İstanbulun Marmaray yeraltı dəmir yolu xəttindən keçməklə şəhərin Halkalı bölgəsinə daxil olub, oradan Avropaya yola salınacaq.

O da bildirilir ki, daşınma sürətinin artmasına Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edən bir sıra ölkələrdə görülən tədbirlər sayəsində nail olunub. Əvvəllər Xəzər dənizində gəmi ilə daşınan konteynerlərin Bakı Beynəlxalq Dəniz Ticarət Limanından Azərbaycanın Böyük-Kəsik dəmir yolu stansiyasına çatdırılmasına 24 saat sərf olunurdusa, indi bu proses 12 saata başa çatır. Beləliklə, yükdaşımalarda azalan vaxt indi daha çox sayda ölkənin diqqətini Azərbaycan üzərindən keçən marşruta yönəldir. Məhz bu fonda digər bir məlumata görə, qonşu İran da ərazisinə daxil olan yüklərin əsas hissəsini Azərbaycan üzərindən dünya bazarlarına çıxarmağa hazırlaşır.

Qeyd edək ki, əslində, İran dünyanın müxtəlif ölkələrindən ərazisinə yüklərin qəbulu istiqmətində mühüm addımlar atıb. Ölkənin okean və dənizlərə çıxışı da ona bu istiqamətdə əlavə imkanlar yaradır. Bu arada isə o da bəlli olub ki, İranın dəniz limanları ilə müxtəlif ölkələrin limanları arasında əməkdaşlıq haqqında 40 müqavilə imzalanıb. İranın Dəniz Limanları Təşkilatının icraçı direktoru Məhəmməd Rostad bildirib ki, İran limanlarının coğrafi mövqeyi qitələr arasındakı ticarət əlaqələrinin genişlənməsinə imkan verir. Onun sızlərinə görə, iqtisadiyyatın inkişafında nəqliyyatın rolu danılmazdır. Təsadüfi deyil ki, İran limanları ilə əməkdaşlıq haqqında müqavilələr məhz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi formalaşmağa başladıqdan sonra imzalanıb. Rostad bildirib ki, İran limanlarına daxil edilən yüklər tranzit olaraq Rusiyaya və Avropaya daşınacaq. Eyni zamanda, əks istiqamətə daşınan yüklər də tranzit olaraq İran ərazisindən keçəcək. Qeyd edək ki, İran limanları vasitəsilə Asiyadan Avropaya və əks istiqamətdə daşınan yüklər təkcə İranın deyil, eyni zamanda, Azərbaycanın ərazisindən də tranzit olaraq keçəcək. İranın isə beynəlxalq əhəmiyyətə malik olan iki limanı var. Onlardan biri Fars körfəzindəki Bəndər-Abbas, digəri isə Hind Okeanına çıxışı olan Çabahar limanıdır. Bəndər-Abbas limanı körfəz ölkələrinin, Çabahar limanı isə Cənub-Şərqi Asiya ölkələrinin Avropa ilə ticarət əlaqələrində mühüm rol oynayır. “Şimal-Cənub” nəqliyyat dəhlizi də məhz bu limanlara görə əhəmiyyətlidir. İstər körfəz ölkələri, istərsə də Cənub-Şərqi Asiya ölkələri yüklərini Avropaya məhz İran limanları vasitəsilə ixrac etmək istəyində olduqlarını bəyan ediblər. Təsadüfi deyil ki, Hindistan Çabahar limanının yenidən qurulması üçün 200 milyon dollar həcmində sərmayə yatırıb. İran limanlarının digər ölkələrin limanları ilə əməkdaşlıq haqqında 40 müqavilə imzalamasının Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, hər iki limandan İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Rusiyaya, oradan isə Avropaya daşınacaq və beləliklə, Azərbaycan da beynəlxalq xarakterli nəqliyyat qovşağına çevriləcək. Bundan başqa, nə qədər çox yük daşınacaqsa, Azərbaycanın da tranzit gəlirləri bir o qədər artacaq.

Onu da qeyd edək ki, dünyanın 40 limanının İran limanları ilə əməkdaşlığa can atması təsadüfi deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, əvvəlki marşrutdan fərqli olaraq, yüklərin “Şimal-Cənub” dəhlizi ilə daşınması vaxtı və nəqliyyat xərclərini kifayət qədər azaldır. Azərbaycan böyük həcmlərdə yükləri qəbul edib yola salmağa tam hazırdır. İri yükaşırma imkanı olan Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulmasından başlayaraq, avtomobil yollarının təmirinə və İranın dəmir yolu ilə Azərbaycanın dəmir yolları sisteminin birləşməsinə kimi bütün işlər həyata keçirilib. Bu fonda təsadüfi deyil ki, Bakı Limanı cari ilin birinci yarısını uğurla başa vurub. Hazırda bütün dünyada koronavirus pandemiyası ilə bağlı olaraq yaranmış vəziyyətə baxmayaraq, yükaşırmaların göstəricisində ciddi artım qeydə alınıb. Ümumilikdə, ilin 6 ayı ərzində bu limandan yükaşırmanın həcmi 2 milyon 524,8 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 27 faiz çoxdur. Ümumi yükaşırmanın 87 faizi və ya 2 milyon 192,8 min tonu tranzit yüklərin payına düşüb. Indi İrandan gələn yüklərin də əsas hissəsi məhz buradan daşınacaq. Belə ki, Çabahar və Bəndər-Abbas limanlarından yüklər birbaşa vaqonlara yüklənərək Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Avropaya daşınacaq. Bu yolun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir. Bu hissənin gələn ilin sonuna kimi tikilib istifadəyə verilməsi gözlənir. Dəmir yolu tam istismara verildikdən sonra yüklərin İran, Azərbaycan və Rusiya vasitəsilə Avropaya daşınması başlanacaq. Belə vəziyyət Azərbaycanın tranzit gəlirlərinin artımına səbəb olmaqla yanaşı, qitələrarası ticarətdə də ölkəmizin önəminin artması deməkdir.

Mənbə:www.baki-xeber.com