“Qarabağ” dayaq bloku dəniz yatağına nəql ediləcək – RƏSMİ

88

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun operatoru “BOS Shelf” şirkəti Xəzər dənizində tarixin ən böyük sualtı neft-qaz hasilatı qurğusu olan “Qarabağ” dayaq blokunun tikintisini başa çatdırıb.

Trend-in məlumatına görə, bunu şirkətin direktor müavini Nazim Hüseynov zavodda media-tur zamanı deyib.

O bildirib ki, dayaq blokunun tikintisi başa çatıb və struktur “STB-1” barjasına yüklənib və buradan dəniz yatağına nəql ediləcək.

Qeyd edək ki, “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. “STB-1” daşıma barjına yüklənəcək konstruksiyanın hündürlüyü 187 metr, ümumi çəkisi 16 min tondur. Struktur 182 metr dərinlikdə quraşdırılacaq. Blokun tikintisi iki il ərzində aparılıb. Dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.