Azərbaycanın Avrasiya enerji xəritəsini dəyişə bilməsinin sirri – bütün enerji layihələri bir-birini tamamladı…

434

Aydın Hüseynov: “Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol artan xətt üzrə inkişaf edir”

“Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik”. Bunu Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısının fikrincə, “Cənub Qaz Dəhlizi” bizim tarixi nailiyyətimizdir və bunun başa çatmasına az vaxt qalır: “Bir daha demək istəyirəm ki, bizim bütün yataqlarımızda görülən işlər məqsədyönlü şəkildə aparılır. Bir layihə o biri layihəni şərtləndirir. Əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır”.

Göründüyü kimi, 1994-cü ildə əsası qoyulan uğurlu neft strategiyası öz bəhrəsini verməkdə davam edir. Bunun nəticəsidir ki, ard-arda Azərbaycan uğurlu enerji layihələrini reallaşdırır.

  • “Bütün bu nailiyyətlərin əldə olunması, ordumuzun qüdrətli olması məhz…”

Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, Azərbaycan düşünülmüş enerji siyasəti aparmaqla, Avrasiyanın enerji xəritəsini dəyişə bilib: “Prezident İlham Əliyev çox doğru olaraq qeyd etdi ki, “Əsrin kontraktı” imzalanmasaydı və ondan sonra bir sıra işlər görülməsəydi, məlum nəticələr əldə olunmazdı. Bütün bunların hər biri, birinci növbədə, ölkənin özünün enerji təhlükəsizliyi üçün böyük bir qarant rolunu oynayır. Digər tərəfdən, bu kimi yataqların istismara verilməsi və konsorsiumun imzalanması, bütövlükdə, Avropanın enerji xəritəsini dəyişdi. Avropanın enerji təchizatının şaxələnməsinə böyük bir təkan verdi. Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol artan xətt üzrə inkişaf edir. Bu həm ölkə iqtisadiyyatı üçün, həm də Azərbaycanın Avropaya inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatında zaman-zaman əldə edilən nailiyyətlər təsadüfi deyil. Son 15 ildə ölkə iqtisadiyyatı 3,3 dəfə artdı. Bütün bu nailiyyətlərin əldə olunması, ordumuzun qüdrətli olması məhz “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının istismarından əldə olunan vəsaitlərin düzgün şəkildə istifadə edilməsi nəticəsində mümkün oldu. Ordumuzun qüdrətlənməsinin, dövlətimizin dünya iqtisadiyyatına inteqrasiya olunmasının kökündə neft gəlirləri dayanır. Nəticədə Azərbaycan həm özünün, həm də Avropanın enerji təhlükəsizliyini təmin etmiş oldu”.

Millət vəkili hesab edir ki, “Cənub Qaz Dəhlizi” layihəsi tam işə düşəndən sonra Avrasiyanın enerji xəritəsində Azərbaycanın rolu daha da artacaq.

Vidadi ORDAHALLI