Sakit okeandakı dünyanın ən böyük “zibil adası”nın sahəsi Fransanın ərazisinə bərabərdir

364

Dünya okeanında formalaşan ən böyük “zibil adası” sahəsinə görə Fransanın ərazisinə çatıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Jak-İv Kustonun nəvəsi, tədqiqatçı Filipp Kusto və onun həyat yoldaşı Aşlan Brok məlumat yayıb.
“Dünya okeanında beş böyük “zibil adası” mövcuddur. Onlar okean cərəyanlarının xüsusiyyətləri səbəbindən yaranıb… Ora bütün dünyadan plastik tullantılar toplanır. “Zibil adalarından” ən böyüyü Sakit okeandadır. O, sahəsinə görə ABŞ-ın Texas ştatından böyük, Fransa ərazisinə bərabərdir”, – deyə Aşlan Brok bildirib.
Filipp Kusto “zibil adalarının” əsasən, çaylar vasitəsi ilə okeanlara tökülən plastik tullantılardan təşkil olunduğunu deyib.
Qeyd edək ki, Filipp Kusto tərəfindən əsası qoyulan “EarthEcho International” fondu bütün dünyada gəncləri çaylardakı plastik tullantıları təmizləməyə cəlb edir.