“Şahdəniz” yatağından qaz hasilatı 12% artıb

376

Bu ilin ilk altı ayında Xəzərin Azərbaycan sektorunda yerləşən  “Şahdəniz” qaz-kondensat yatağının “Alfa” və “Bravo” platformalarından birlikdə təqribən 9,4 mlrd kubmetr qaz və 1,9 mln ton (15,4 mln barel) kondensat hasil edilib.

“Report” xəbər verir ki, bu barədə  yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə I yarımil üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin I yarısında “Şahdəniz” yatağından qaz hasilatı ötən ilin müvafiq dövründən 11,9%, kondensat hasilatı isə 6,9% artıb.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 mln (ildə 20 milyarddan artıq) kubmetrdir.

Bildirilib ki, ilin ikinci rübü ərzində “Şahdəniz 2” komandası “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə sualtı quraşdırma işlərini davam etdirib. “Şahdəniz Bravo” platforması və şərq-cənub cinahı arasında axın xətlərinin mexaniki quraşdırılması “İsrafil Hüseynov” borudüzmə gəmisi vasitəsilə yerinə yetirilir. “Şahdəniz 2” layihəsi çərçivəsində 2021-ci ildə yatağın şərq-cənub cinahından hasilatın başlanması üçün bütün işlər plana uyğun davam edir.

İkinci rübdə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

İstiqlal qazma qurğusu SDC05 sualtı quyusunun alt hissəsini qazmağa davam edib. “Maersk Explorer” qurğusu SDF04 quyusunu tam dərinliyinədək qazıb və quyu konservasiya olunub. Qurğu bundan sonra SDF05 quyusunun üst hissəsini qazıb.

Bu iki qurğu “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 18 quyu qazıb və bunlardan 16-sını tamamlayıb – yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu,  şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu,  şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində iki quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8%), “AzSD” (10%), “SGC Upstream” (6.7%), “Petronas” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.