AÇG-dən SOCAR-a verilən səmt qazı həcmləri 44%-dən çox artıb

271

2020-ci ilin birinci yarısında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) işlənməsi üzrə operator) SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 1,3 mlrd. kubmetr səmt qazı verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-iyun aylarında ABƏŞ SOCAR-a 0,9 mlrd. kubmetr səmt qazı verib. Beləliklə, 2020-ci ilin birinci yarısında qaz nəqli 44,4% artıb.

“2020-ci ilin birinci yarısında SOCAR-a sutkalıq orta hesabla 6,9 mln. kubmetr səmt qazı tədarük etmişik (2019-cu ilin birinci yarısında – 5 milyon kubmetr)”, – ABƏŞ-dən vurğulanıb.

2019-cu ildə ABƏŞ SOCAR-a 2,1 milyard kubmetr səmt qazı verib.

AÇG-dən hasil olunan səmt qazı SOCAR-a pulsuz verilir.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 mln. tondan çox neft hasil olunacaq.