Azərbaycanın həyata keçirdiyi transmilli layihələrlə bağlı vəziyyətin təhlili getdikcə daha maraqlı məqamları üzə çıxarır. Belə bəlli olir ki, bu layihələr ölkə gəlirlərini artırmaq, iqtisadiyyatı gücləndirməklə yanaşı, onun təhlükəsizliyinə, suverenliyinə də mühüm töhfələr verir. Bunu ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenbergerin “Cənub Qaz Dəhlizi” ilə bağlı səsləndirdiyi fikirlərdən də aydın görmək olar.
Səfir qeyd edir ki, “Cənub Qaz Dəhlizi” kəmərinə bənzəyən meqalayihələr geosiyasi baxımdan unikaldır: “Dəyəri milyardlarla ölçülən və minlərlə kilometr məsafədə yaşayan insanların həyatına təsir edən layihələrın uğuru müxtəlif hökumətlərin və özəl şirkətlərin uzunmüddətli birgə fəaliyyətindən asılıdır”. Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsi bir sıra dövlətlərin suverenliyi və müstəqilliyi üçün strateji mahiyyət təşkil edir, müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir:“Bu layihə Rusiyanın xaricində hasil olunan qazın şərqdən qərbə ixracını reallaşdıran ilk layihədir. Layihənin tamamlanması Azərbaycanın həm enerji təchizatçısı, həm də Avropada enerji təhlükəsizliyinin təminatçısı kimi irəliləməsinə imkan yaradacaq. “Cənub Qaz Dəhlizi”nin tamamlanması, demək olar ki, başa çatır və biz artıq bu layihənin genişləndirilməsinə, yəni Xəzər hövzəsinin digər qaz ehtiyatlarının ixracına yol açan imkanlar barədə düşünməliyik”.
Ekspertlər də bildirir ki, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasından sonra Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artacaq. Qeyd edilən müstəidə bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edəcək. Bundan başqa, bu transregional qaz layihələrinin reallaşdırılması ölkənin qlobal iqtisadiyyatda mövqeyinin daha da gücləndirilməsinə müsbət təsir göstərəcək və Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Burada onu da xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin son hissəsi sayılan TAP kəmərinin inşası artıq bu il başa çatır. Bu durumda da “Cənub Qaz Dəhlizi” enerji resurslarının şaxələndirilməsi işində Avropa üçün çox önəmli layihədir. Bu layihədə həm mənbələrin, həm də marşrutların şaxələndirilməsi baş tutur. Belə ki, Azərbaycan qazı Avropa üçün yeni mənbədir. Bununla Avropanın enerji təhlükəsizliyi daha dolğun və tam şəkildə təmin ediləcək. “Cənub Qaz Dəhlizi” bu mənada Azərbaycanın mövqeyini gücləndirməklə yanaşı, onu geoiqtisadi və geosiyasi məkanda daha güclü söz sahibinə çevirir. Çünki Azərbaycan belə layihələrdə iştirak etməklə beynəlxalq arenada həm siyasi, həm də iqtisadi nüfuzunu yüksəldir. Ekspertlərə görə, “Cənub Qaz Dəhlizi” həm də daha çox sayda Avropa ölkəsini bu layihəyə qoşulmağa təhrik edir. Yəni Mərkəzi Asiyadan gələ biləcək enerji nəqli “Cənub Qaz Dəhlizi”nə qoşulsa, daha güclü bir beynəlxalq layihə alınar. Bu da sözün əsl mənasında dünyanın enerji xəritəsində əsaslı dəyişiklik deməkdir. Dünya enerji nəqlinin diversifikasiyası nəticəsində xeyli təhlükəsiz enerji modelinə sahib olacaq. Bütün bunlar isə birbaşa Azərbaycanın təşəbbüsü ilə baş tutur.
Hesablamalar göstərir ki, hazırda Avropa İttifaqı neftin 82 faizini, qazın 57 faizini idxal edir və bu göstəricilərə görə o, dünyada ilk yeri tutur. 2030-cu ilədək Avropa İttifaqının qaz tələbatı 700 milyard kubmetrədək artacaq. Digər tərəfdən, bu tələbatın idxal hesabına ödənməsi də getdikcə artacaq. Belə bir perspektiv fonunda Avropa İttifaqının Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etməsi çox böyük strateji əhəmiyyət daşıyır. Çünki Xəzər dənizinin təbii qaz ehtiyatları hazırda Avropa üçün alternativlik baxımından yeganə mənbə olaraq qalır. Bu səbəbdən təsadüfi deyil ki, “Cənub Qaz Dəhlizi” Avropa və Xəzər regionu arasında enerji və nəqliyyat əlaqəsi yaradacaq yeni İpək Yolu rolunu oynayan vasitə kimi qəbul edilir. Avropanın enerji təminatında isə Azərbaycanın xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə artır. Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin icrasında 7 ölkə, yəni Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Bu il isə üç Balkan ölkəsi olan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənir. Bununla enerji layihəsində iştirak edən ölkələrin sayı daha da artır. “Cənub Qaz Dəhlizi” ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişir. Bunlar da, öz növbəsində, qeyd olunduğu kimi, Azərbaycanın dünya miqyasında geosiyasi və geoiqtisadi əhəmiyyətini artırır. Təbii ki, bu durumda Azərbaycanın dünya miqyasında sözünün daha yaxşı eşidilməsi, ölkəmizlə hesablaşılması da qaçılmaz olur. Təbii ki, bu mənada “Cənub Qaz Dəhlizi” ilə bağlı ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenbergerin dedikləri, onun Azərbaycanın mövqeyini daha güclü hala gətirməsi ilə bağlı səsləndirdikləri tamamilə reallığı əks etdirir.
Ramil QULİYEV