Özünü suyun və küləyin “ixtiyarına” verməyi tələb edən idman növü

182

Bugünkü müsahibimiz “Windsurfing Baku” idman klubunun məşqçisi və təsisçilərindən biri olan Ruslan Abbasovdur. Ruslan bu qeyri-adi idman növü, onun səmərəsi və 3 yaşlı klubun fəaliyyəti haqqında fikirlərini bizimlə bölüşür.

– Biraz özünüz, yaratdığınız vindsörfinq klubu haqqında danışın.

 – Klubumuz 2017-ci ildə fəaliyyətə başlayıb. Mən və daha 2 dostum xaricdə vindsörfinq ilə məşğul olmuşuq. Küləyin az qala bütün ilboyu hakim olduğu doğma Bakıda bu idman növü üçün əlverişli şəraitin olduğunu zənn edib vindsörfinq klubu
yaratmaq qərarına gəldik. İlk olduğuna görə maraq gözlədiyimizdən artıq oldu. Hazırda klub mən və Cəbi Ağayev tərəfindən idarə olunur. Türkiyədən gəlmiş beynəlxalq səviyyəli məşqçilər bizə təlim keçərək sertifikatlar veriblər.  Daha 4 nəfəri köməkçi məşqçi kimi hazırlayırıq. Klubun 8 üzvü var. Müxtəlif sahələrdə  çalışan bu gənclər vindsörfinqlə məşğul olmaq üçün də vaxt tapırlar.






 – Vindsörfinqin özəlliyi nədən ibarətdir və bu idman növü digər su idman növlərindən nə ilə fərqlənir?

 – Bütün su idman növləri kimi vindsörfinqdə də idmançı özünü suyun və küləyin “ixtiyarına” verir.  Üzərinə yelkən quraşdırılmış xüsusi sörfinq lövhəsi ilə idmançı dənizdə küləyin vasitəsilə hərəkət edir. Əsas şərt tarazlığı qoruyub saxlamaqdır.


 
– Vindsörfinqlə hansı yaş kateqoriyasına aid olan insanlar məşğul ola bilər və bu idmanla məşğul olmaq üçün hansı şərtlər vacibdir? 

– 7 yaşdan yuxarı hər kəs bu idmanla məşğul ola bilər. Amma biz kluba yaşı 16-dan çox olan şəxsləri qəbul edirik. Şərtlərə gələndə isə, deyim ki, çəkisi 90 kiloqramadək və normal fiziki gücü olan hər bir kəs özünü bu idman növündə sınaya bilər.



– “Baku sailing regatta” yarışlarında siz də iştirak etmisiniz. Bu tədbirlərdə sizin fəaliyyətiniz nədən ibarət olub və hansı təəssüratlar sizin yadınızda qalıb?

 – “Baku Sailing Regatta” yelkənli idman yarışlarında 2 dəfə iştirak edərək yarışa dəstək olmuşuq. Bir neçə həvəskar sörferimiz  yarış zamanı şou göstərərək reqattaya fərqlilik qatmışdır. Bulvar sakinləri son 20 ildə ilk dəfə vindsörfinqlə məşğul olanları görürdü. Yarışlardan sonra təşkilatçılar tərəfindən bizə iştiraka görə sertifikatlar təqdim olundu.

 – Karantin günlərində klubunuz yəqin ki, fəaliyyət göstərmirdi?

 – Karantin dövründə bir çox qurumlar kimi, biz də fəaliyyətimizi dayandırmışdıq. Açıq havada keçirilən idman yarışları və tədbirlərinə icazə verildikdən sonra biz yenidən işə başladıq.  Sərt karatin dövründə 24 nəfər müraciət edərək qeydiyyatdan keçmişdir. Hazırda hər gün  dərslərimiz  olur.  Həftəsonları mövcud karantin qaydalarına riayət etmək şərtilə 10 nəfərə kimi adam idmanla məşğul olmaq üçün klubumuza təşrif buyururlar. Maraq böyükdür və bu, sevindirici haldır. Yaxın gələcəkdə vindsörfinqin inkişafına kömək məqsədilə Bakı ətrafındakı ərazilərdə də klubun filiallarını açmağı planlaşdırırıq. 

Müsahibəni hazırladı: İlqar Quliyev

Mənbə:Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır