İlin ən yaxşı mexaniki: Heyət bir ailə kimi olanda çətinlikləri hiss etmirsən

140

Yəhya Əsgərov 1969-cu ildə Salyan rayonunda anadan olub. Uşaqlığı və yeniyetməlik dövrü Kür qırağında keçsə də, onun ürəyində həm də hər zaman Xəzər dənizinə böyük bir sevgi olub. Elə bu səbəbdən o, taleyini Xəzərlə bağlamaq qərarı verib.

Məktəbi bitirdikdən sonra 1989-cu ildə Qafur Məmmədov adına Dəniz Yolları Məktəbinin “Mexanika” şöbəsinə qəbul olub. Təhsilini müvəffəqiyyətlə başa vuran Yəhya Əsgərov karyerasında da böyük uğurlar qazanıb.

Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “General Əliağa Şıxlinski” kran gəmisində böyük mexanik kimi çalışır.  Artıq uzun illərdir, doğma Xəzərin qoynunda dalğalara meydan oxuyan fədakar dənizçini yaxından tanıyaq. 

-Lap əvvələ qayıdaq. Dənizçilik fəaliyyətiniz nə vaxt və hardan başladı?

Artıq 30 ildir ki, dənizçilik sahəsindəyəm. İlk fəaliyyətimə 1989-cu ildə motorçu kimi başlamışam. Hələ bu işə başlamamışdan öncə gəmiçiliyə böyük marağım var idi. Amma ilk səfərdən sonra bu maraq iki qat artdı. Və mən onda əmin oldum ki, düzgün peşə seçmişəm. 

-Yeri gəlmişkən, ilk səfərinizi necə xatırlayırsınız?

İlk səfərimdə bir qədər həyəcanlıydım, peşəkar heyətimiz var idi. Səfər boyu hər hansı bir çətinlik yaşanmadı. Bu, mənim üçün çox uğurlu bir başlanğıc idi.

-İşiniz çətin və məsuliyyətlidir. Yəqin ki, ekstremal vəziyyətlərlə də rastlaşmısınız.

Bəli, tamamilə doğru deyirsiniz. Dənizin hər anı sürprizlərlə doludur. Və dənizçi bütün vəziyyətlərə daim hazır olmalıdır. Hər fırtına bizim üçün bir sınaq, bir təcrübədir.  Şükür ki, işlədiyim müddətdə hər hansı xəta və nöqsan olmayıb. İşimiz məsuliyyətlidirsə, mən tələb olunanda da artıq məsuliyyətli davranmağa çalışıram. Burada biz həm özümüzə, həm də qarşılıqlı şəkildə hər bir heyət üzvünə cavabdehik. Cavabdehlik isə başqadır. Bunu sözlə ifadə etmək çətindir. 

Cavabdehlik demişkən, böyük mexanik olaraq gəmidə nələrə cavabdehsiniz?

Gəmidəki bütün texniki vasitələrə, ləvazimatların qorunub saxlanmasına cavabdehəm. Həmçinin, gəmi gündəlik jurnalların aparılması, texniki təhlükəsizliyin qorunması və heyətin də bu qanunlara riayət etməsinə nəzarəti böyük mexanik həyata keçirir.

-Hazırda çalışdığınız  “General Əliağa Şıxlinski” gəmisindən danışaq. Olduqca böyük gəmidir.

Bu, kran gəmisidir. Xəzər dənizinin ən nəhəng gəmilərdən biri sayılır. 600 ton yükqaldırma qabiliyyətinə malikdir. Bu gəmi ilə biz dənizdə neft quyularında və buruqlarda görülən işlərdə böyük yüklərin qaldırılmasını yerinə yetirirk.

-Ümumiyyətlə, gəmidə darıxmırsız ki? 

Ailəm üçün darıxıram, təbii ki. Amma heyət üzvləri ilə də bir ailə kimiyik, çox mehribanıq. Belə olmasa, biz işləyə bilməzdik. Ortaya yaxşı iş qoymaq üçün gərək birgə çalışmağı, dost olmağı bacarasan. Və bizim həyatımızın böyük hissəsi gəmidə keçir. Ona görə də bir-birimizə dəstək olmaq borcumuzdur.  Ümumiyyətlə, heyət bir ailə kimi olanda çətinlikləri də hiss etmirsən.

-Bəs, maraqlıdır, gəmidə asudə vaxtlarınızı necə keçirirsiniz?

Daha çox işimlə bağlı texniki kitablar oxuyuram. Vaxt tapanda isə idmanla məşğul oluram.   

-Təcrübəli dənizçi kimi bu sahəyə yeni başlayanlara nə tövsiyə edərdiniz?

İlk növbədə peşəyə maraqları və sevgiləri olmalıdır. Sırf pul qazanmaq üçün gəlirlərsə, yaxşısı budur başlamamış bitirsinlər. Çünki, bu halda heç bir uğur qazanmayacaqlar.

-Və sonda Xəzər Dəniz Neft Donanması üzrə “İlin ən yaxşı mexaniki” adına layiq görülmüsünüz. Təbrik edirik.

Çox sağolun. Doğrusu, bunu gözləmirdim. Belə bir nominasiyada fərqləndiyimə görə sevinirəm. İşimizi qiymətləndirən, bizə dəyər verən hər kəsə təşəkkür edirəm. Sözsüz ki, bu bizi daha da həvəsləndirir. İnanıram ki, bu etimadı hər zaman doğrultmağı bacaracağam.  

Rövşən Abdurəhmanov

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır