Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) OPEC+ çərçivəsində hasilatın ixtisarı barədə razılaşmaya uyğun olaraq gəlirsiz yataqların istismarını dayandırıb.
“Report” “neftegaz.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bildirib.
Şirkətdən həmçinin Azərbaycan neftinin aprel ayında qiyməti 20 ABŞ dolları, hətta bir qədər az olduqda belə hasilatın sərfəli olduğunu bildiriblər.
“SOCAR OPEC+ çərçivəsində razılaşdırılmış, hökumətin də təsdiqlədiyi kvotalara əməl etmək niyyətindədir. Hasilatın ixtisarı sayəsində SOCAR həm bazarı sabitləşdirmək, həm də mövcud şəraitdə gəlir gətirməyən yataqların istismarını dayandıraraq əməliyyatların səmərəsini artırmaq imkanı əldə edir”, – mətbuat xidmətinin rəhbəri deyib.
O, aprel ayında “Azeri Light” markalı neftin orta qiymətinin 20,48 dollar olduğunu diqqətə çatdırıb.
Ümumiyyətlə, iyun-iyul aylarında Azərbaycan neftinin orta qiyməti 44-45 dollar olub.
Xatırladaq ki, may ayından qüvvəyə minən yeni razılaşmaya görə OPEC+ formatının iştirakçısı ölkələri may – iyul aylarında hasilatı 9,7 milyon barel, avqust- dekabr aylarında da 7,7 milyon barel, daha sonra 2022-ci ilin sonunadək 5,8 milyon barel ixtisar edir.