Xəzərin çirklənməsinin əsas səbəbləri açıqlandı

491

Xəzər dənizinin çirklənməsinin əsas səbəbi qurudan daxil olan və ya quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədir.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, ən çox tullantı Xəzər dənizinə çaylar vasitəsilə daxil olur: “Eyni zamanda, sahil ərazilərində təsərrüfat fəaliyyətindən, məişət tullantıları nəticəsində çirklənmə davam edir. Bu, çox böyük problemdir. Xəzər dənizi təkcə Azərbaycan tərəfindən çirklənmir. Xəzər regional dənizdir və 5 Xəzəryanı dövlətdən daxil olan tullantılar dənizin çirklənməsinə səbəb olur. Bu problemin qarşısını almaq üçün tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısı alınmalı və tullantı suları təmizləyici qurğularda müvafiq standartlara uyğun təmizlənməlidir.

Hazırda Bakı şəhəri tam şəkildə mərkəzləşmiş kanalizasiya sistemi ilə təchiz olunmayıb. Sutəmizləyici qurğuların çox hissəsi ya köhnə olduğu üçün işləmir, qalanlarının əksəriyyəti isə normativlərə uyğun təmizləməni təmin etmir. Bunun nəticəsində də Xəzər dənizinə böyük həcmdə çirkli su axır.

Şöbə müdiri qeyd edib ki, ümumiyyətlə, iqlim dəyişmələri nəticəsində su ehtiyatlarının azalması, sudan qeyri-səmərəli istifadə, su itkilərinin çox olması səbəbindən son zamanlarda, xüsusilə yay aylarında Azərbaycanda su çatışmazlığı hiss olunur: “Bunun həll olunması üçün dövlət başçısı tərəfindən müvafiq komissiya yaradılıb və 2020-2022-ci illərdə sudan səmərəli istifadənin təmin edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Həmin tədbirlər planındakı bəndlərdən biri də sudan təkrar istifadə, o cümlədən tullantı sularının emal olunaraq təkrar istifadəyə yönəldilməsi məsələləridir. Bu suların suvarmada və digər texniki məqsədlər üçün istifadəsi nəzərə tutulur. Nazirlik olaraq bizim fikrimiz ondan ibarətdir ki, tullantı suları dənizə axıdılmaq əvəzinə email olunaraq texniki məqsədlər üçün təkrar istifadə olunmalıdır. Bu həm dənizi çirklənmədən qoruyar, həm də içməli suya qənaət etməyə imkan verər. Bakıda texniki suya kifayət qədər ehtiyac var. O cümlədən yaşıllıqların suvarılması üçün kifayət qədər suvarma suyu lazımdır. Suvarma suyu kimi yüksək keyfiyyətlə təmizlənmiş içməli sudan istifadə olunur. Bu, məntiqə sığmayan bir şeydir.

Hazırda dənizdə fəaliyyət göstərən neft şirkətləri müasir texnologiyalardan istifadə edirlər. Onların fəaliyyəti tam nəzarət altında olduğu üçün tullantıların qat-qat azaldılmasına, bir sıra hallarda minimuma endirilməsinə nail olunub. Amma yenə də fəaliyyət zamanı sözsüz ki, tullantılar olur və bu da ətraf mühitə, Xəzərin biomüxtəlifliyinə, su bioloji resurslarına mənfi təsir göstərir”.