Bakı Limanı Türkmənistan və Qazaxıstan limanları ilə əməkdaşlığı artırır

411

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Liman əməliyyatları departamentinin müdiri Yucin Sih 1 000-dən artıq mütəxəssisi bir araya gətirən “Dünya Dənizçilik Həftəsi 2020” onlayn tədbirində iştirak edib.

“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. 

Məlumata görə, Y.Sih koronavirus pandemiyası zamanı limanın rəqəmsallaşdırılması və davamlılığı məsələlərinə həsr olunmuş onlayn panelə qatılıb və iştirakçılara pandemiya dövründə əməliyyat prosesinin daha səmərəli tətbiqi üçün atılan addımlar barədə məlumat verib.

Tədbirdə Bakı Limanının veb-əsaslı Liman İdarəetmə Sisteminin (“Port Community System”) tətbiqinin son mərhələsində olduğu bildirilib. Bu sistem liman işçilərinə, gömrük və sərhəd əməkdaşlarına, logistik şirkətlərinə operativ məlumat mübadiləsi aparmağa imkan verəcək. II mərhələdə isə Bakı Limanının Xəzər regionundakı əsas ticarət tərəfdaşları – Türkmənbaşı, Aktau və Kurik limanları ilə əməliyyat sistemləri bir-birinə inteqrasiya ediləcək və müvafiq məlumatların onlayn mübadiləsi təmin olunacaq. Layihəni Bakı Limanı ATƏT-lə birgə icra edir.