“Qarabağ” yatağında dayaq blokunun quraşdırılması 400-450 gün çəkəcək

74

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qarabağ” layihəsi çərçivəsində eyniadlı dayaq blokunun dənizə yola salınması və yataqda quraşdırılması ilə əlaqədar işlər plan üzrə davam edir.

“Report”un məlumatına görə, bu ilin avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Qarabağ” layihəsinin dəniz əməliyyatlarının həyata keçirilməsinə start verilib.

Hazırda bütün gəmilər sertifikatlaşdırmadan keçirilir və əsas avadanlıqlar yoxlanılır. Dənizə nəql etmə və yataqda quraşdırmaya hazırlıq işləri çərçivəsində həmçinin DBA -“Azərbaycan” kran gəmisində əsas kranın yükgötürmə qabiliyyətinin 1 250 tona qədər artırılması məqsədilə yenidən sertifikatlaşdırılma həyata keçiriləcək.

Layihənin iştirakçıları tərəfindən həm də quraşdırma avadanlığının, payaların, pakerlərin, diafraqmaların yoxlanılması həyata keçirilir. Dayaq blokunun yataqda quraşdırılmasının daha bir vacib elementini də “Qarabağ” yatağında quraşdırılacaq dayaq blokunun payalarının vurulması üçün nəzərdə tutulan Hidravlik Çəkicdən istifadə olunması təşkil edir. Hazırda çəkic BP şirkətində istifadə olunur və 2020-ci ilin sentyabr ayının ortalarında “Qarabağ” yatağında istifadəyə hazırlanması üçün QƏŞ-ə veriləcək.

Sürüşdürmə avadanlığı, dayaq blokunun barjaya bərkidilməsi, STB1 barjasının özü və onun ballast sistemi isə artıq dəniz əməliyyatlarına tam hazırdır.

“Neftqaztikinti” tresti və “Global Maritime” şirkəti hal-hazırda həm də layihənin bütün prosedurlarının beynəlxalq standartlara uyğunluğunun yekun yoxlanılmasını, layihəyə cəlb olunmuş işçi heyətin təlimatlandırılmasını, xüsisi ixtisaslaşmış podratçıların, o cümlədən dalğıcların, Hidravlik Çəkic operatorlarının və partladıcıların cəlb edilməsilə bütün zəruri avadanlığın və materialların mobilizasiyasını həyata keçirir. Dayaq blokunun dənizə salınmasından sonra, plana uyğun olaraq, blokun yataqda quraşdırılmasına başlanılacaq ki, bu da 400-450 gün çəkəcək.

Xatırladaq ki, Xəzər dənizində həyata keçirilmiş neft-qaz əməliyyatlar tarixində hasilat üçün ən nəhəng sualtı dayaq bloku olan “Qarabağ” dayaq blokunun hazırlanması işləri iki il ərzində davam etdirilib və 2020-ci ilin avqustunda tamamlanıb. 187 metr hündürlüyü və 16 302 ton ağırlığı olan konstruksiya “Qarabağ” dəniz yatağında suyun 182 metr dərinliyində quraşdırılacaqdır. Layihə üzərində iş zamanı BOS Şelf şirkəti sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına tam uyğun olaraq 3,2 milyon təhlükəsiz adam-saat göstəricisinə nail olmuşdur. Layihəyə cəlb edilmiş insan resurslarının 95%-ni yerli kadrlar təşkil edib.