SOCAR-ın “Qarabağ” layihəsi çərçivəsində eyniadlı dayaq blokunun dənizə yola salınması və yataqda quraşdırılması ilə əlaqədar işlər plan üzrə davam edir.
“BOS Şelf” şirkətindən Trend-ə verilən məlumata görə, 2020-ci ilin avqustun 10-da Prezident İlham Əliyevin iştirakı ilə “Qarabağ” layihəsinin dəniz əməliyyatlarının həyata keçirilməsinə start verilmişdir və bu işlərə eyni zamanda bir neçə iri şirkət və təşkilat cəlb edilmişdir. Onların sırasına mühəndis hesabatlarına, parametrlərin işlənilməsinə və hesablanmasına cavabdeh olan SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutu, dayaq blokunun dənizə nəql edilməsinə və yataqda quraşdırılmasına cavabdeh olan “Neftqaztikinti” tresti, “Qarabağ” dayaq blokunu hazırlamış “BOS Şelf” şirkəti, dəniz əməliyyatları üçün donanmanı təmin edən “ASCO” şirkəti, donanmanın və digər zəruri avadanlığın beynəlxalq standartlara uyğunluğuna nəzarəti həyata keçirən və həmçinin onların sertifikatlaşdırılmasına cavabdeh olan “Global Maritime” şirkəti və bilavasitə görülən işlərə rəhbərlik edən layihənin sifarişçisi “QƏŞ” – yəni Qarabağ Əməliyyat Şirkəti daxildir.
“Qarabağ” layihəsi çərçivəsində dəniz əməliyyatları – bir sıra elmi və istehsalat strukturlarının, iri həcmli donanmanın, onlarla yerli və beynəlxalq podratçının, yüzlərlə yüksək ixtisaslı mütəxəssisin və xüsusi texniki avadanlığın iştirakını nəzərdə tutan çətin və çoxfunksiyalı prosesdir”.
Dayaq blokunun dənizə nəqli və yataqda quraşdırılması işləri üçün 26 gəmidən ibarət donanma, o cümlədən, “Azərbaycan” kran gəmisi (DBA) və STB1 barjası cəlb ediləcəkdir.
Hal-hazırda bütün gəmilər sertifikatlaşdırmadan keçirilir və əsas avadanlıqlar yoxlanılır. Dənizə nəql etmə və yataqda quraşdırmaya hazırlıq işləri çərçivəsində həmçinin DBA -“Azərbaycan” kran gəmisində əsas kranın yükgötürmə qabiliyyətinin 1 250 tona qədər artırılması məqsədilə yenidən sertifikatlaşdırılma həyata keçiriləcək.
Layihənin iştirakçıları tərəfindən həm də quraşdırma avadanlığının, Payaların, Pakerlərin, Diafraqmaların yoxlanılması həyata keçirilir.
Dayaq blokunun yataqda quraşdırılmasının vacib elementlərindən biri olan, payaların vurulması üçün nəzərdə tutulan Hidravlik Çəkic hal-hazırda BP şirkətində “Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində istifadə olunur, və “Qarabağ” yatağında istifadəyə hazırlanmaq üçün 2020-ci ilin sentyabr ayının ortalarında “QƏŞ” şirkətinə veriləcəkdir.
Bundan əlavə məlumat verilir ki, sürüşdürmə avadanlığı və dayaq blokunun barjaya bərkidilməsi üzrə mühəndislik işləri, STB1 barjasının özü və onun ballast sistemi dəniz əməliyyatlarına tam hazırdır.
“Neftqaztikinti” tresti və “Global Maritime” şirkəti hal-hazırda həm də layihənin bütün prosedurlarının beynəlxalq standartlara uyğunluğunun yekun yoxlanılmasını, layihəyə cəlb olunmuş işçi heyətin təlimatlandırılmasını, xüsusi ixtisaslaşmış podratçıların, o cümlədən dalğıcların, Hidravlik Çəkic operatorlarının və partladıcıların cəlb edilməsilə bütün zəruri avadanlığın və materialların mobilizasiyasını həyata keçirir.
Plana uyğun olaraq, dayaq blokunun dənizə salınmasından sonra blokun yataqda quraşdırılmasına başlanılacaq, bu da 400-450 gün çəkəcəkdir.
Xatırladaq ki, Xəzər dənizinin tarixində neft və qaz hasilatı üçün ən nəhəng sualtı dayaq bloku olan “Qarabağ” dayaq blokunun hazırlanması işləri 2020-ci ilin avqust ayında tamamlanmışdır.
187 metr hündürlüyü və 16 302 ton ağırlığı olan konstruksiya “Qarabağ” dəniz yatağında suyun 182 metr dərinliyində quraşdırılacaqdır. Dayaq bloku 2 il ərzində inşa edilmişdir. Layihə üzərində iş zamanı “BOS Şelf” şirkəti sağlamlıq, əməyin təhlükəsizlyi və ətraf mühitin mühafizəsi qaydalarına tam uyğun olaraq 3,2 milyon təhlükəsiz adam-saat göstəricisinə nail olmuşdur. Layihəyə cəlb edilmiş insan resurslarının 95%-nı yerli kadrlar təşkil etmişdir.