COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan və bu ölkədə yaşamaq hüququ olan 14 Azərbaycan, 7 Qazaxıstan və 1 Gürcüstan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.
Bakı Limanından “APA-Economics”ə verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı testdən keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.
Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 240 Qazaxıstan vətəndaşı və 159 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.