ADDA-da yeni tədris ili başlayıb

392

15 sentyabr ölkəmizdə “Bilik günü” kimi qeyd olunur. Bu tarix Azərbaycanda fəaliyyət göstərən demək olar ki, bütün təhsil müəssisələrində yeni tədris ilinin ilk dərs günü hesab edilir.

Azərbaycan Dövlət Dəniz Akademiyasında da bu gün ilk dərs günü keçdi. Əvvəlki illərdən fərqli olaraq ilk dəfə bu əlamətdar günü tələbə və müəllimlər kompüter monitorlarından izləyə biliblər. Koronavirus pandemiyasının yayılmasına qarşı tədbirlər planı ilə əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tədrislərinin 2, 3 və 4-cü ilində oxuyan tələbələr tədrisə distant formatda başladılar.

Fənn müəllimləri Akademiyanın auditoriyalarından Microsoft Teams platforması üzərindən tələbələrə ilk dərs gününün mövzularını izah ediblər. Proqramın imkanlarından istifadə edilərək tədris olunan fənlərə aid mühazirə materialları və digər dərs vəsaitləri tələbələrin ixtiyarına verilib. Həmçinin Akademiyanın rəsmi internet səhifəsində (www.adda.edu.az) bütün kafedralar üzrə mühazirə və məşğələ materiallarının elektron variantı yerləşdirilib.

Koronavirus pandemiyası, dünyada olduğu kimi, ölkəmizdə də bütün sahələrə təsirsiz ötüşmədi. İnsanların kütləvi toplaşması məkanlarından biri də təhsil müəssisələridir. Bu səbəbdən ölkəmizdə bu virusun yayılmasının qarşısının alınması tədbirlərindən biri kimi mart ayından başlayaraq ölkənin bütün təhsil müəssisələrində təlim-tədris prosesini məsafədən aparılması qərara alındı.

2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası da əvvəlki illərdən fərqli olaraq distant formada aparıldı. İmtahan sessiyasından əvvəl tələblərə həmin semestrdə tədris olunan bütün fənlərə dair mühazirələr, məşğələ və laboratoriya dərslərinin yerinə yetirilməsinə aid metodiki göstərişlər, slaydlar, videoçarxlar, sərbəst işlərin mövzuları, sillabuslar və ədəbiyyat siyahıları göndərildi.

İmtahan sessiyasının nəticələrinə görə, imtahanlara onlayn qoşulan 721 tələbədən 664 nəfəri müsbət qiymət alaraq sessiyanı uğurla başa vura bildi.

Müəyyən səbəblər üzündən imtahanlara qoşula bilməyən və akademik borcları yaranmış tələbələr üçün isə avqust ayının sonundan başlayaraq borclarını ləğv etmək imkanı yaradıldı.

Mənbə:http://adda.edu.az/