Elşən Həsənov: “Bu ölkələrin bir toplantısını çağırıb, Türkiyəyə birmənalı dəstək verməyə ehtiyac var”
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib ki, MED-7 (Fransa, Malta, İtalya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kipr) zirvəsində qəbul edilən bəyanatda Şərqi Aralıq və Kipr məsələsi ilə bağlı ifadələrin hüquqi əsası yoxdur. O, Yunanıstanı beynəlxalq hüquqa və dəniz yurisdiksiyasına qarşı iddialarından imtinaya dəvət edib:
“Gərginliyin azaldılması üçün yunanlar Türkiyənin “Oruc Rəis” gəmisinin ətrafından freqatları geri çəkməli, Meis də daxil olmaqla, Egey dənizindəki adaları silahlandırmaqdan imtina etməli və Qərbi Trakyada türklərə qarşı artan təzyiqlərə son verməlidir. Türkiyə Aralıq dənizinin şərq hissəsində ən uzun sahili olan və Avropa Birliyi üzvlüyünə namizəd ölkədir. Yunanıstanın qeyd-şərtsiz Türkiyə ilə masaya oturması, Kiprin yunan və türk əhalisi ilə karbohidrogen ehtiyatlarının axtarışı və istismarı üçün əməkdaşlıq etməsi vacibdir. Həmrəylik düzgünlüklə olur. Haqsızla həmrəylik olmaz”.
Qeyd edək ki, Korsikada Fransa, Malta, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan və Cənubi Kiprin iştirakı ilə toplantı keçirilib. Toplantıda Türkiyə tərəfindən guya suverenliyi pozulan Yunanıstan və Cənubi Kiprə dəstək ifadə edilib, 24-25 sentyabrda keçiriləcək AB zirvə toplantısında Türkiyəyə qarşı sanksiyanın verilə biləcəyi xatırladılıb.
Çox maraqlıdır ki, bu məsələdə türkdilli ölkələrin Türkiyəyə dəstəyini görmürük. Azərbaycan isə birmənalı olaraq bu məsələdə Türkiyənin mövqeyini prinsipiallıqla dəstəkləyir. Belə olan təqdirdə, digər türkdilli ölkələrin Türkiyənin haqlı olduğu məsələdə niyə ona dəstək verməməsi maraqlı görünür.
- “Azərbaycan bu məsələdə çox açıq mövqe ortaya qoydu”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Aralıq dənizi hövzəsində bir neçə böyük dövlət artıq qarşı-qarşıya gəlib: “Burada Yunanıstan, Fransa, Almaniya, ABŞ, Türkiyə kimi ölkələr öz maraqları uğrunda savaşırlar. Vəziyyət risqlərlə doludur. Ancaq hələlik aktiv hərbi əməliyyatlar və ya güc tətbiqi yoxdur. Ekspertlərin rəyinə görə, bununla yanaşı, hər an hərbi toqquşmalar meydana gələ bilər. Şərqi Aralıq dənizində bir çox ölkələrin iddiası var. Onlar öz aralarında qitə sahəsi, dəniz hüquqları, dənizdən istifadəyə dair razılığa gəliblər. Razılığa əsasən, sərhədləri boyunca məsafə doğru ölçülərək hesablanır. Belə olanda Türkiyənin Aralıq dənizinə çıxış imkanları azalır, Yunanıstanın əlinə keçir. İsrail , Misir Yunanıstanla müqavilə bağladı, ABŞ hələlik Türkiyəyönümlü bəyanatlar verir. Avropa, xüsusən Fransa birmənalı olaraq Yunanıstanı müdafiə edir. Suriya, Livan, İtaliya, Albaniya, BƏƏ və Səudiyyə Ərəbistanı Türkiyənin qarşısında yer alıb. Məqsəd Türkiyəni Aralıq dənizində Antalya körfəzinə sıxmaq və orda saxlamaq, ayrıca Kipri mühasirədə saxlamaqdır. Hazırda tərəflər bir-birinə hədə gəlməkdədir. Avropa bir neçə dəfə hay-küy salmağa çalışdı, lakin Türkiyə sərt şəkildə cavabını verdi. Prezident Rəcəb Tayyib Ərdoğan, hətta meydan oxudu. Türkiyənin dövlət başçısı açıq bəyan etdi ki, kimin gücü varsa, çıxsın meydana, Türkiyə maraqlarından əsla vaz keçməyəcək. Əlavə olaraq, Türkiyə rəhbərliyi Fransaya üz tutaraq meydana çıxmasını tələb etdi. Ancaq Paris hələ konkret bir addım atmağa tələsmir. Belə olan vəziyyətdə, təbiidir ki, Türkiyənin dostları onu dəstəkləməlidir. Necə deyiblər, dost və düşmən dar gündə tanınar. Azərbaycan bu məsələdə çox açıq mövqe ortaya qoydu. Bunun ən bariz nümunəsini biz Prezident İlham Əliyevin Yunan səfirinin etimadnaməsini qəbul edərkən etdiyi çıxışda gördük. Digər türkdilli ölkələr çox passivdirlər, hətta deyərdim ki, mövqesizdilər. Belə olmaz. Hesab edirəm ki, bu ölkələrin bir toplantısını çağırıb, Türkiyəyə birmənalı dəstək verməyə ehtiyac var”.
Azərbaycan Prezidenti İlham Əliyev birmənalı, açıq və qətiyyətlə ifadə etdi ki, Şərqi Aralıq dənizi məsələsində “tərəddüd etmədən Türkiyənin yanındadır”. Bu, tarixi bəyanatdır və digər türkdilli ölkələrin də bundan örnək götürməsi vacibdir.
Məhəmmədəli QƏRİBLİ