Bakı Limanı “Blue Dot Network”un təşəbbüsü və Xəzər regionunda əməkdaşlıq perspektivlərinə həsr olunan vebinara qatılıb

68

Bakı Limanı “Blue Dot Network”un təşəbbüsü və Xəzər regionunda əməkdaşlıq perspektivlərinə həsr olunan vebinara qatılıb. ABŞ-da fəaliyyət göstərən diplomatik missiyalar, Avropa Yenidənquma və İnkişaf Bankı (EBRD), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Astana Beynəlxalq Maliyyə Mərkəzi və digər özəl və dövlət qurumlarının qatıldığı onlayn vebinarın təşkilatçısı ABŞ-da fəaliyyət göstərən Xəzər Siyasət Mərkəzi (CPC) olub.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında CPC-nin icraçı direktoru Əfqan Nifti Xəzər regionunda qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini vurğulayıb. Vebinarda, həmçinin USAID-in böyük məsləhətçisi Kauş Arha, ABŞ-ın Beynəlxalq Maliyyə İnkişaf Korporasiyasının icraçı direktorunun baş müşaviri Kaleb Makkari, Avropa Yenidənqurma və İnkişaf Bankının ABŞ-dan icraçı direktoru Stiven Daud, və sair kimi şəxslər iştirak ediblər.

Bakı Limanın baş direktoru Taleh Ziyadov Avropa və Asiya arasında ən təhlükəsiz, eyni zamanda, da qısa yol olan Orta Dəhlizin (Middle Corridor) vacibliyini iştirakçıların diqqətinə çatdırıb. Mövcud pandemiya zamanı dünya logistika xəritəsində məhz bu dəhlizin qlobal səviyyədə əhəmiyyətinin daha da artdığını, bir çox dəhlizlərə müxtəlif məhdudiyyətlər tətbiq olunsa da, yüklərin daşınması zamanı məhz Orta Dəhlizin Avropa ilə Çin arasında ən etibarlı yol olduğunu bildirib: “Bunun bariz nümunəsi olaraq bu ilin ilk 8 ayının statistikasındakı artımı göstərmək olar. Belə ki, ümumi yükaşırmanın həcmi 3,2 milyon tondan çox olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,5 faiz çoxdur”.

Tədbir iştirakçılarına COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində limanda görülən işlər barədə də ətraflı məlumat verən T.Ziyadov bildirib ki, liman sərt karantin rejimində belə məhdudiyyətsiz və tam gücü ilə fəaliyyətini davam etdirib. Əməkdaşların və liman istifadəçilərinin sağlamlığının ən vacib amillərdən biri olduğunu vurğulayan baş direktor Bakı Limanına gələn TIR sürücülərinin, həm “Qırmızı Körpü” sərhəd buraxılış məntəqəsində, həm də Ələt qəsəbəsində yerləşən Bakı Limanında test olunduğunu söyləyib. O, test cavabları çıxana qədər sürücülərin müvəqqəti saxlanma zonasında gözləməsi və daha sonra yalnız nəticələr mənfi çıxdığı halda steril zonalara yola salınmaları barədə də məlumat verib.

Qeyd olunub ki, Bakı Limanının COVID-19 pandemiyası ilə mübarizə təcrübəsi Türkmənistan və Qazaxıstan limanlarının da marağına səbəb olub və bu istiqamətdə həmkarlarla təcrübə mübadiləsi aparılıb. Cari il martın 18-dən etibarən 7 ay ərzində liman ərazisində xarici TIR sürücüləri, əməkdaşlar və digər liman istifadəçilər də daxil olmaqla ümumilikdə təxminən 16 min 200 şəxs test olunub. Eyni zamanda, mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə mindikdən sonra Kurık limanı Qazaxıstan vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 446 vətəndaş, onlardan 253 Qazaxıstan vətəndaşı və 193 xarici ölkə vətəndaşı olmaqla Bakı Limanından yola salınıb.

Görüşün sonunda T.Ziyadov vebinar iştirakçılarının suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır