Veteran dənizçi Aslan Əliyev vəfat edib

26

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının veteran əməkdaşı, təcrübəli dənizçi Aslan Əliyev vəfat edib.

O, 1952-ci il mayın 17-də Kürdəmir rayonunda anadan olub. 

1970-1974-cü illərdə Bakı Dənizçilik Məktəbində gəmi sürücüsü ixtisası üzrə təhsil alıb.  1975-ci ildə Xəzər Dəniz Gəmiçiliyində işə başlayıb. 1983-cü ilədək burada matros, kapitanın 3-cü köməkçisi, 2-ci köməkçisi, böyük köməkçisi vəzifələrində çalışıb.

1983-cü ildən başlayaraq 8 il müddətində Cənub Xəzər Balıq Mühafizəsi İdarəsində işləyən Aslan Əliyev kapitan vəzifəsinə qədər yüksəlməyi bacarıb. Daha sonra Dövlət Xəzər Mühafizəsi idarəsində fəaliyyətini davam etdirib. 1995-ci ildə oradan ayrılaraq 15  il “Xəzərdənizneftdonanması” idarəsində kapitanın böyük köməkçisi, 2-ci köməkçisi, kapitan vəzifələrini yerinə yetirib. 2010-cu ildən 2016-cı ilədək Xəzər Dəniz Neft Donanmasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Xidmətində hamiyəçi-kapitan işləyib.

Aslan Əliyev “Əsrin müqaviləsi”nin 15 illiyi ilə əlaqədar ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.  2018-ci ildə ölkə başçısının Sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalına layiq görülüb.

Aslan Əliyev mehribanlığı və işgüzarlığı ilə ətrafında olan insanların və kollektivin böyük rəğbətini qazanıb. Elə buna görə də onun əziz xatirəsi daim yaşayacaq və hər zaman ehtiramla yad olunacaq.

Allah rəhmət eləsin!

seanews.az