Dünya üzrə yüz minlərlə dənizçi sahilə çıxa bilmir

17

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən səyahət məhdudiyyətləri nəticəsində hazırda dünyada təxminən 400 min dənizçi, gəmi heyətinin üzvü və açıq dənizdə çalışanlar sahilə çıxa bilmir, onlar arasında hətta 17 aydan bəri dənizdə olanlar var.

AZƏRTAC xəbər verir ki, bu məlumatı oktyabrın 6-da Cenevrədə BMT-nin İnsan Haqları Bürosu yayıb. Büro bunu qeyri-insani vəziyyət adlandırıb və beynəlxalq dənizçilik qaydaları, eləcə də əmək standartlarına görə sahilə çıxmadan gəmi göyərtəsində fasiləsiz olaraq qalma müddətinin maksimum 11 ay olduğunu vurğulayıb.

Büro dünya ölkələrinə müraciət edərək dənizçilərin vəziyyətinin yaxşılaşdırılması üçün çıxış yolları tapmağa çağırıb. Eyni zamanda, gəmilərlə yük daşıyan beynəlxalq şirkətlərin bu istiqamətdə hökumətlərə təzyiq etmələrinin vacibliyi qeyd edilib. Həmçinin bildirilib ki, məhdudiyyətlər bütün dənizdə çalışanlara, yəni konteyner və yük gəmiləri, balıqçı gəmiləri, neft və qaz platformalarının işçiləri üçün də yüngülləşdirilməlidir.

Nəzərə alınmalıdır ki, dünya üzrə beynəlxalq ticarət mallarının 90 faizi gəmilərlə daşınır. Qeyd edilib ki, məhdudiyyətlərin uzun müddət tətbiq edilməsi dənizdə çalışanların hərəkət sərbəstliyi və ailə həyatı kimi insan haqlarının pozulması ilə yanaşı, onların psixoloji durumlarına da zərbə vurur.

Eyni zamanda, bildirilib ki, dənizdə “ilişib qalan“ işçilərlə yanaşı, təxminən bir o qədər də dənizçi beynəlxalq daşımaların təxirə düşməsi və azalması nəticəsində dənizə çıxa və öz peşə fəaliyyətləri ilə məşğul ola bilmir.