Ermənistanın bölgənin enerji təhlükəsizliyinə qarşı təhdidi – TƏHLİL

16

Ermənistan dövlətinin Azərbaycanın enerji və mühüm strateji infrastrukturlarına qarşı hücumları davam edir. 6 oktyabr tarixində ölkənin, beynəlxalq layihə olan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini kaset bombaları ilə atəşə tutması Ermənistan hökumətinin həm region üçün, həm də enerji sektorunun mühüm iştirakçısı olan dövlətlərin fəaliyyəti üçün təhdid yaratdığını, o cümlədən, dünya enerji təhlükəsizliyini sual altında qoyduğunu göstərir.

Bundan əvvəl də Ermənistanın Tovuz istiqamətində, yəni, münaqişə zonasından xeyli uzaqdakı əraziləri atəşə tutması Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik Azərbaycan enerji strukturlarına təhdid yaratmaqla siyasi təzyiq nümayiş etdirməsinin göstəricisi idi. Bununla da Ermənistan ən kritik vəziyyətdə bölgənin və dünyanın iqtisadi resurslarını təşkil edən layihələrə hücumdan dönməyəcəyini bir daha göstərmiş oldu. Bu təkcə Azərbaycan üçün yox, bütün dünya ölkələri üçün birmənalı olaraq eyni dərəcədə təhlükəli addım kimi qəbul edildi. 

Bu gün Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi, siyasi və enerji təhlükəsizliyi baxımdan çox böyük əhəmiyyətə malikdir. Boru kəməri ilə daşınan neftin nəqlində təkcə bir ölkənin deyil, enerji sahəsinə mühüm investisiyalar yatıran nəhəng şirkətlərin rolu və payı var.

Türkiyənin Ceyhan dəniz terminalına qədər uzanan BTC boru kəməri Azərbaycan nefti ilə yanaşı Rusiya, Türkmənistan və Qazaxıstan neftinin də nəqlini həyata keçirir. Bu enerji infrastrukturunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması həm də Rusiya, Türkmənistan və Qazaxıstan kimi bölgə ölkələrinin də maddi bazasına külli miqdarda ziyan vurmaq deməkdir. Çünki, bu gün BTC bölgənin enerji resursunu dünya bazarlarına daşıyan əhəmiyyətli və ən böyük layihələrdən biridir. 

Həmçinin, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqlini həyata keçirən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Bakı-Tbilisi-Ərzurum (BTƏ) boru xətti də bölgədə yerləşir ki, bu kəmər Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyini təminatında aparıcı rol oynayır .

Bu kəmər vasitəsilə Gürcüstanın qaza tələbatı 100 faiz ödənilir. Ermənistan hökuməti Yevlax ərazisinə hücum həyata keçirməklə Gürcüstana olan qaz nəqlini dayandırmaq, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyini nümayiş etdirən Gürcüstan hökumətinə qarşı təxribat aktı həyata keçirməklə ölkəni qaz təminatı cəhətdən çarəsiz vəziyyətdə qoymağa çalışır.  

BTC ilə Azəri-Çıraq Günəşlidən hasil edilən neft və Şahdənizdən hasil olunan kondensat Azərbaycandan Avropaya nəql edilir. Nəzərə alsaq ki, Şahdəniz dünyada ən iri qaz-kondensat yataqlarından biridir, həmçinin, “Şahdəniz” və “Şahdəniz 2” layihələri üzrə illik hasil edilən 10,9 milyard kubmetr qaz Türkiyə və Avropa istehlakçılarına tədarük edilir, bu halda Ermənistanın bölgə üzrə hücumları Türkiyə və Avropaya qaz nəqlini həyata keçirən layihələrin icrasına mane olmaq və onların maddi bazasına ziyan vurmaq, ümumiyyətlə Avropanın qaz təminatına və enerji təhlükəsizliyinə də əngəl yaratmaq məqsədi daşıyır. 

Dolayısıyla, bu gün Bakı-Tbilisi-Ceyhan və həmin ərazidən keçən Bakı-Tbilisi-Ərzurum kimi dünya əhəmiyyətli enerji xətlərinin ziyana uğraması onlarla şirkətin gəlir payında ciddi azalmaya səbəb ola bilər. 

Belə bir vəziyyətdə Ermənistan nəinki Azərbaycanın, bölgədəki layihələrə maraqlı olan Avropa ölkələrinin iqtisadi resurslarına, həmçinin, digər dövlətlərin də bu istiqamətdəki fəaliyyətinə ziyan vurur. Ermənistan hökuməti bütün dünya üçün həm siyasi-iqtisadi təhlükə yaratmağa, həm də nəhəng beynəlxalq şirkətlərin enerji ixracından əldə edilən gəlir payına zərbə vurmağa çalışır.

Nigar Məmmədova