Dünyanın ən böyük mülki xəstəxana gəmisinin inşası başa çatmaq üzrədir

284

Çinin “Tianjin Xingang” gəmiqayırma zavodunda inşa edilən dünyanın ən böyük “Global Mercy” adlı xəstəxana gəmisinin inşası başa çatmaq üzrədir.

“Seanews.az” xəbər verir ki,gəminin sifarişçisi Beynəlxalq Xeyriyyə Təşkilatı “Mercy Ships”dir.

Gəmi gələn ilin sonunda Afrikada istismara veriləcək.  Sözügedən üzən xəstəxana xeyriyyə təşkilatının bu tipli ikinci gəmisidir. Cəmiyyətin 2007-ci ildə inşa edilmiş “Africa mercy” adlı birinci gəmisi də Afrikada istismar edilir. 

Gəminin inşasına və layihələndirilməsinə nəzarət edən “Stena RoRo” şirkətinin məlumatına görə, xəstəxana gəmisi bərə və sərnişin gəmilərinin layihəsi əsasında inşa edilir. Gəmi 950 nəfərə qədər xəstəni qəbul edə biləcək. Burada həm cərrahi, həm də ambulator rejimli müalicələr həyata keçiriləcək.

Xəstəxana gəmisi müxtəlif növ müasir texnologiyalarla, o cümlədən,“Wärtsilä” şirkətinin istehsalı olan 4 ədəd mühərriklə təchiz olunub.

“Global Mercy” gəmisinin uzunluğu 174, eni 28.6, suya oturumu isə 6.1 metrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır