Bu gün Azərbaycan iqtisadi müstəvidə işğalçı Ermənistanla müqayisədə kifayət qədər böyük üstünlüyə malikdir. Təbii bu, öz növbəsində, hərb sahəsində də duruma təsirsiz ötüşmür. Bu mənada, Ermənistan ordusunun daha çox iqtisadi infrastrukturumuza ziyan vurmaq cəhdləri də təsadüfi sayıla bilməz. Elə bu ilin iyulunda Avropaya istiqamətlənən neft, qaz, nəqliyyat xətlərinin yaxınlığında hərbi təxribat törədən düşmənin hücum cəhdləri qeyd edilən faktorlarla izah edilə bilər. Amma buna görə Ermənistan layiqli cavabını alıb. Lakin düşmən hələ də məkrli niyyətindən əl çəkmir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı yenidən bu məsələyə toxunub: “Azərbaycan ərazilərini işğal edən Ermənistan təbii qaz və neft boru kəmərlərinin nəqliyyat xətləri üzərində yerləşən Tovuz bölgəsindən sonra Gəncə şəhərinə hücum etməsi ilə Avropanın enerji təchizatını təhlükəyə atır”. Türkiyə prezidenti Avropa İttifaqı ölkələrini Azərbaycanın torpaq bütövlüyü ilə bağlı tutarlı bir mövqe ortaya qoymağa çağırıb. Bundan başqa, Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnak “Cənubi Qafqazda enerji təhlükəsizliyi” adlı bəyanat verib. Bəyanatda baş katib tərəfindən beynəlxalq öhdəliklərə uyğun davranılmasına, mühüm enerji infrastrukturuna təsir göstərə biləcək, yaxud enerji təchizatını əhəmiyyətli dərəcədə poza və ya dayandıra biləcək hər hansı hərəkətdən çəkinilməsinə çağırış edilib. Xatırladaq ki, energetika naziri Pərviz Şahbazov tərəfindən Beynəlxalq Enerji Xartiyası Katibliyinə və digər beynəlxalq enerji təşkilatlarına Azərbaycanın neft və elektrik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciət ünvanlanıb.
Avropa Parlamentinin Latviyadan olan deputatı Sandra Kalniete böyük enerji infrastrukturunun hədəfə alınmasının ciddi fəsadlar yarada biləcəyini bildirib. O, Ermənistanın Dağlıq Qarabağla yanaşı, Azərbaycanın bir sıra digər rayonlarını da işğal etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün Minsk Qrupu ölkələri, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənməsi beynəlxalq hüquqa uyğundur. Belə bir vaxtda Ermənistanı sarsıdacaq daha bir mühüm hadisə baş verib. Belə ki, Azərbaycan təbii qazının Avropaya nəql edilməsini nəzərdə tutan “Transadriatik” qaz boru kəmərinin (TAP) 4 il yarımdan çox davam edən tikintisi başa çatıb. TAP konsorsiumunun bu xüsusda məlumatında bildirilir ki, boru kəməri Türkiyə-Yunanıstan sərhədindən cənubi İtaliyadakı qəbul məntəqəsinədək təbii qazla doldurulub. Məlumatda deyilir ki, hazırda TAP ticari əməliyyatlara başlamaq üçün hazırlıq işlərini yekunlaşdırır və qonşu transmissiya əməliyyat sistemlərinə uyğun bazar tutumu təklif edir. TAP boru kəmərinin İtaliyanın Apuliya vilayətindəki “Snam Rete Gas” təbii qaz nəqli sistemi ilə birləşməsi üzrə işlərin bu il noyabrın sonunadək başa çatdırılması və qaz nəqlinə hazır olması gözlənilir. Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan TAP-la ilkin mərhələdə hər il “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında TANAP boru kəmərinə qoşulan TAP Yunanıstan, Albaniya əraziləri, Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanır.
TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək. Amma perspektivdə digər Avropa ölkələri də bu kəmərlə qaz ala biləcək. Xatırladaq ki, üç ötürücü sistem operatoru olan TAP AG, “Snam Rete Gas” və DESFA davam edən bazar sınaqları üzrə məcburi təklif mərhələsinin 2021-ci ilin iyul ayında baş tutacağını elan edib. Hər 3 operator son bazar şərtlərini nəzərə alaraq, enerji bazarlarının bərpa olunmasına daha çox vaxt ayırmaq istəyir. Ötən il iyulun əvvəlində isə TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır. Burada nəzərə almaq lazıımdır ki, “Şahdəniz” yatağından təbii qaz hasilatının 2024-cü ildə 25 milyard kubmetri ötəcəyi gözlənilir. Bu isə imkan verir ki, “Cənub Qaz Dəhlizi” tam işə düşdükdən sonra “Şahdəniz” qazının alıcılarını Azərbaycan ilk mərhələdə 16 milyard kubmetrlik qazla təmin etsin. Bununla Xəzər qazı ilk dəfə olaraq Avropaya məhz Azərbaycanın təşəbbüsü olan mənbə və marşrutların şaxələndirilməsi layihəsi sayılan “Cənub Qaz Dəhlizi” ilə çatdırılacaq. Bu isə Azərbaycanın enerji ixracından daha çox vəsait əldə edəcəyini, Ermənistanın narahatlığını daha da artıqracağını göstərir.
Samirə SƏFƏROVA