BP aztəminatlı ailələrdən olan tələbələrin ali təhsil almasına dəstək verir

283

Bu gün BP və onun tərəfdaşları aztəminatlı ailələrdən olan, universitetə yeni daxil olmuş 94 gəncin uğurunu qeyd edir.

“BP-Azerbaijan” şirkətindən “Report”a verilən məlumata görə, bu gənclər BP və tərəfdaşlarının dörd ildir dəstəklədiyi “Gələcəyini Qur” layihəsinin iştirakçılarıdır.

Bu layihə BP və tərəfdaşlarının qonşuluğundakı icmaların bacarıq və səriştələrini artırmaqla onların sosial inkişafı üçün imkanlar yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihənin məqsədi aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına dəstək olmaqdır. Layihə iştirakçılarına 11-ci sinif şagirdləri və eləcə də fiziki imkanları məhdud olan yaxud xüsusi qayğıya ehtiyacı olan orta məktəb məzunları daxildir.

Təlim proqramı iki komponentdən ibarətdir – məşğələlər vasitəsilə qəbul imtahanlarına hazırlıq üçün akademik dərslər və müxtəlif fəaliyyətlər və tədbirlər vasitəsilə sosial inteqrasiya.

Bu vaxtadək Qaradağ, Kürdəmir, Ucar, Ağdaş, Yevlax və Hacıqabul rayonlarındakı icmalarda yaşayan 300-dən çox aztəminatlı ailə bu layihədən faydalanıb.

Dörd mərhələdə 315 nəfər layihə iştirakçısından təxminən 282 nəfəri, ümumilikdə iştirakçıların 90%-i ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək müxtəlif universitetlərdə tələbə adını qazanıblar.

Builki proqramda 108 nəfər iştirakçıdan 94 nəfəri 255651 arasında ballar toplamaqla qəbul imtahanlarında uğurlu nəticələr əldə edib.

Bu təşəbbüsün nəticələrini və ümumilikdə uğurlu olmasını əsas götürərək BP və tərəfdaşları layihəni növbəti ildə də davam etdirmək qərarına gəlib.

BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli builki proqramın uğurlu nəticələrindən danışaraq deyib ki, hər il çox sayda gəncin həyatına təsir edən bu təhsil layihəsinin uğurlu iştirakçılarını təbrik etmək artıq bir ənənə halına çevrilib: “Ümid edirik ki, bugünkü seçimləri ilə onlar özlərinə tamamilə uğurlu bir gələcək quracaqlar. Baxmayaraq ki, bilik və inkişafın yolu həmişə çətin olub, hazırda məktəb və universitetlərdəki qeyri-adi vəziyyətə görə bu daha da çətinləşib. Biz çox ümid edirik ki, hazırkı çətin vəziyyət heç bir vəchlə yeni qəbul olunmuş universitet tələbələrinin həvəsini azaltmayacaq və ya öyrənmək və parlaq bir karyera qurmaq istiqamətindəki güclü iradələrini zəiflətməyəcək”.

Layihənin dörd mərhələsinin ümumi dəyəri (dörd il ərzində) təxminən 1 153 000 manatdır və hər bir mərhələnin müddəti 12-15 aydır.

2020-ci ildə layihə “Build Your Future” LLC şirkəti tərəfindən yerinə yetirilib.

Qeyd edək ki, ötən 27 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələrinə dəstək veriblər. Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.

2020-ci ilin birinci yarısında BP və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 1,8 milyon ABŞ dollarından çox vəsait xərcləyib. Bundan əlavə, ilin birinci yarısında təkcə BP Azərbaycanda sponsorluq layihələrinə 0,9 milyon ABŞ dolları vəsait xərcləyib.

Ümumilikdə, BP və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə təxminən 90 milyon ABŞ dolları sərmayə qoyub.