Bu gün Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü (CEPI) İcra Komitəsinin sədri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərliyi ilə təşəbbüsə üzv olan şirkətlərin ilk iclası keçirilib.
“Report” bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, iclasda 2021-ci il üçün İş Planı müzakirə olunaraq təsdiqlənib və layihə koordinatoru seçilib.
Bundan başqa, CEPI-nin strategiyasına uyğun olaraq, şirkətin Xəzər regionunda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə yeni layihə ideyası nəzərdən keçirilib və İş Planına daxil edilib. Bunun üçün iştirakçı şirkətlərin öz aralarında qabaqcıl təcrübələrinin paylaşılması, alternativ enerji texnologiyası ilə bağlı müşavirə və fikir mübadiləsinin təşkili və bu minvalla alternativ enerji istehsalının effektivliyinin artırılması nəzərdə tutulur.
2021-ci ildə istixana qazlarının emissiyasının sıfır həddinə qədər endirilməsinin təbliğ olunması və geniş ictimaiyyətə ətraf mühitin qorunması istiqamətində davamlı olaraq məlumatların çatdırılması üçün tədbir və təlimlərin təşkilinə dair razılıq əldə olunub.
Xatırladaq ki, daha əvvəl SOCAR, eləcə də KazMunayQaz, BP, “Equinor” Abşeron AS, “Total E&P Absheron B.V.” şirkətlərinin təsisçiliyi ilə “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (Caspian Envıronmental Protectıon Initiatıve – CEPI) adlı səmərəli, müstəqil fəaliyyət göstərən regional Təşəbbüs Qrupu yaradılıb. Bu il sentyabrın 14-də “Ekopark” – Ekoloji Tədqiqatlar Mərkəzi”ndə SOCAR prezidenti Rövnəq Abdullayev, “KazMunayQaz”ın İdarə Heyətinin sədri Alik Aidarbayev, BP-nin AGT Regionu üzrə prezidenti Qəri Cons, “Equinor” Abşeron AS”in Azərbaycan üzrə meneceri Favad Qureyşi, “Total E&P Absheron B.V.” şirkətinin idarəedici direktoru Regis Agut tərəfindən CEPI üzrə Anlaşma Memorandumunun imzalanması tədbiri keçirilib. CEPI Təşəbbüs Qrupunun məqsədi Xəzər regionunun ekoloji dayanıqlığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, istixana qazlarının emissiyasını və ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq üçün birgə proaktiv addımların atılmasından ibarətdir.