Avstraliya sahillərindəki Böyük Sədd rifində mərcan polipləri koloniyalarının sayı son otuz ildə orta hesabla 50 faiz azalıb. Tədqiqatın nəticələri “Proceedings of the Royal Society B” elmi jurnalında dərc edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avstraliyanın Ceyms Kuk Universitetinin professoru Terri Hyuzun sözlərinə görə, bu azalma rifin həm dayaz, həm də dərin sulu sahələri, eləcə də poliplərin bütün növləri üçün səciyyəvidir”.
Mərcan polipləri koloniyaları okeanın ekosisteminin hansı durumda olduğunu, qeyri-münbit amillərin (məsələn, dəniz suyunun duzlaşması və qlobal istiləşmə) ona necə təsir etdiyini göstərən indikatorlardan biridir. Məsələ ondadır ki, suyun orta temperaturunda, turşuluğunda, okeanlardakı cərəyanlarda baş verən kiçik dəyişiklik onlara təsir edir, məsələn, bu halda mərcan poliplərindən formalaşan kirəc çox kövrək ola bilər. Bütövlükdə dəyişiklik onların mövcudluğuna təsir edir.
Tədqiqatçılar güman edirlər ki, XXI əsrdə mərcan riflərinin və poliplərin digər koloniyalarının, o cümlədən Böyük Sədd rifində olanların təxminən 20 faizi məhv ola bilər. İqlim amilləri və suda CO₂ qazının toplanması ilə yanaşı, onları Sakit və Hind okeanlarında yayılan yeni infeksiya və parazitlər də təhdid edir.
Alimlər tədqiqat zamanı həm son illər apardıqları ekspedisiyaların, həm də XX əsrin sonu XXI əsrin əvvəllərində digər alimlərin əldə etdikləri informasiyanı birləşdiriblər. Bunun nəticəsində iqlimşünaslar müxtəlif növ koloniyalarda yaşayan poliplərin orta miqdarını, habelə yaşını, ölçülərini və məhsuldarlığını qiymətləndiriblər. Məlum olub ki, Böyük Sədd rifinin hər yerində koloniyalarda mərcan poliplərinin tipik miqdarı nəzərəçarpacaq dərəcədə azalıb. Hər şeydən çox bu proses rifin şimal və mərkəzi hissələrində baş verib. Alimlər güman edirlər ki, bu, ekstremal hava təzahürləri, o cümlədən okeanda istilik dalğaları ilə əlaqədardır.
Hyuz və onun həmkarları qeyd edirlər ki, sayın azalması həm yetkin, həm də yetkin olmayan polipləri əhatə edib. İqlimşünas alimlərin fikrincə, bu cür tendensiyalar mərcanları iqlim dəyişikliyinin təsirlərinə qarşı daha da zəiflədir və yaxın illərdə poliplərin ən kiçik koloniyalarının məhv olmasına gətirib çıxara bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır