Türkiyədə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna dair iclas keçirilir

356

Türkiyənin İstanbul şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına dair İşçi Qrupunun iclası işinə başlayıb.

Bu barədə “Report”a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib.

Məlumata görə, toplantıya qurumun sədr müavini Fərhad Quliyev rəhbərlik edir. O, əvvəlcə iştirakçılara sentyabrın 27-dən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı hücumları, dinc sakinlərin həlak olmasına səbəb olan təxribatları barədə geniş məlumat verib.

ASCO rəsmisi xüsusi diqqətə çatdırıb ki, Azərbaycan regionda çox sayda mühüm layihələr həyata keçirir və bu layihələrdə Azərbaycanın qonşu dövlətləri, strateji müttəfiqləri yaxından iştirak edir, Ermənistan isə layihələrdən kənarda qalır. Bununla əlaqədar, təxribat və terror işləri çərçivəsində Ermənistan Azərbaycanda mühüm infrastruktur obyektlərini də atəşə məruz qoyur. Belə ki, ölkəmizin Mingəçevirdə yerləşən ən böyük su elektrik stansiyasına və Bakı-Tbilisi-Ceyhan neft kəmərinə hədəflənən raketlər, onlardan bir neçə metr kənara düşüb və xoşbəxtlikdən partlamayıb. Bu tipli terror mahiyyətli təxribatlar Azərbaycanın iştirakçısı olduğu bir sıra beynəlxalq layihələrə, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna təhlükə yaradır, eləcə də bu layihələrin iştirakçısı olan tərəfdaş dövlətlər və şirkətlər üçün də risk və təhlükəyə səbəb olur. Bu səbəbdən Ermənistanın mülki əhali və strateji infrastruktura qarşı terroru dayandırmağa, beynəlxalq hüququn tələblərini, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə çağırılması mühümdür.

İclasda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin 2020-ci ilin 9 ayı üzrə fəaliyyətinin yekunları, sözügedən müddətdə TBNM üzrə daşınma planının nəticələri, Şərq-Qərb istiqamətində konteyner qatarlarının keçmə müddəti və əks istiqamətdə tək və qrup daşımalarınının təhlili, Xəzər dənizinin limanları arasında (Aktau, Bakı (Ələt)) fider gəmilərin iştirakı ilə birbaşa beynəlxalq dəmir yolu və su nəqliyyatında konteyner hərəkətinin təşkili haqqında 25 iyun 2019-cu il tarixli Sazişə dəyişikliklər barədə müzakirələr aparılıb. Bundan başqa, Türkiyə/Avropa ölkələrindən Qazaxıstan/Orta Asiya ölkələri istiqamətində fider gəmilərdən istifadə olunaraq konteynerlərin daşınmasının təşkili üzrə görülən işlər barədə hesabat dinlənilib. TBNM boyunca bəzi məhsulların daşınması üçün tarif şərtlərinin təsdiqi ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsinin, bu marşruta yük axınının cəlbinin zəruriliyi vurğulanıb. Toplantıda dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması, yarana biləcək çətinliklərin aradan qaldırılması məsələləri də diqqət mərkəzində olub.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və Polşanın əlaqədar qurumlarının qatıldığı iki günlük toplantıda ölkəmizi ASCO ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin nümayəndələri təmsil edirlər.