Məsafədən işləyənlər üçün kruiz gəmiləri ofisə çevrilir

422

Səyahət və turizm sektoru ötən illə müqayisədə hazırda olduqca çətin vəziyyət qarşısındadır. Pandemiya səbəbilə ziyana uğrayan əksər şirkətlər müxtəlif üsullarla müştərilərini geri qazanmağa çalışırlar. Mərkəzi ofisi Panamada yerləşən “Ocean Builders” şirkəti də müştərilərin diqqətini cəlb etmək üçün kifayət qədər yaradıcı bir üsula müraciət edib. Belə ki, şirkət beynəlxalq kruiz səfərlərinin təşkili ilə məşğul olan Carnival Cruises şirkətindən bir gəmi satın alaraq həmin gəmini məsafədən işləyənlər üçün məxsusi ofisə çevirməyi planlaşdırır.

Ocean Builders rəsmilərinin açıqlamasına görə, şirkət gəmini Amerikanın müasir üzən Venesiyasına çevirməyi düşünür. “Satoshi” adlanacaq gəmi Aralıq Dənizindən səfərə başlayıb Panama Körfəzində limana yanaşacaq.

Üç restoran, üç içki barı, iki kafe, iki hovuz, dörd cakuzi, bir su parkı və başqalarının olduğu gəmidə ABŞ dolları ilə yanaşı bitkoin kimi alternativ ödəmə üsulları da keçərli olacaq.

Sərnişinlər təmiz havada və ya günəş şüalarının altında üzgüçülük hovuzu və qaçış meydançası kimi xidmətlərdən faydalana, həmçinin yoqa və meditasiya seanslarına və ya fitnes dərslərinə qoşula biləcəklər. Bununla yanaşı, gəmidə 5000 kvadratmetrlik teatr səhnəsi də mövcuddur. Beləliklə də, müxtəlif canlı konsertlər, çıxışlar və film nümayişlərini həyata keçirmək mümkün olacaq.

Sözügedən gəmiyə məsafədən çalışanların, xüsusən də, internet məşhurlarının gələcəyi düşünülür. Gəmi mükəmməl kruiz səfəri ilə yanaşı, yüksək səviyyəli ofis xidməti ilə də təmin edəcək.

banco.az