Bu il Qazaxıstan Xəzər dənizində neft nəqlini 1,8% artırıb

25

Qazaxıstanın Milli Dəniz Gəmiçiliyi Şirkəti – “Kazmortransflot” 2020-ci ilin yanvar-sentyabr aylarında 7,2 milyon ton neft nəql edib

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci ilin ilk doqquz ayında həm Xəzər dənizində, həm də açıq dənizlərdə neft nəqlinin ümumi həcmi 2019-cu ilin eyni dövründəki 8 milyon 372 min tona qarşı 7 milyon 210 min ton təşkil edib. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında neft nəqli 14% azalıb.

Hesabat dövründə Qara dəniz və Aralıq dənizi üzərindən neft nəqlinin həcmi 15% azalaraq 6 milyon 701 min tona, Xəzər dənizində isə 1,8% artaraq 509 min tona çatıb.

Şirkət hesabat dövründə həmçinin Aktau – Ələt – Aktau marşrutu boyunca 9 min 811 konteyner daşıyıb. Bu marşrut boyunca yük daşımaları 2019-cu ilin aprelində başlayıb.

Xatırladaq ki, 2019-cu il ərzində “Kazmortransflot” 10 milyon 728 min ton neft nəql etmişdi və 2018-ci illə müqayisədə artım 1,5 dəfə təşkil etmişdi.

“Kazmortransflot”-un yeganə səhmdarı Milli Neft və Qaz Şirkət “KazMunayGas” səhmdar cəmiyyətidir.

* “Kazmortransflot”-un beş tankeri olmaqla (üçü Xəzər dənizində, ikisi Qara dənizdə fəaliyyət göstərir) ümumilikdə 25 gəmisi var. Bunlardan üçü ixtisaslaşmış çoxfunksiyalı xidmət gəmisidir. Bundan əlavə dəniz əməliyyatları üçün dəstək donanması səkkiz platforma barjası və dörd yedəkçi gəmidən ibarətdir.