“Saudi Aramco”nun xalis mənfəəti yarıbayarı azalıb

306

Dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramco”nun 2020-ci ilin ilk doqquz ayı üzrə xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə azalaraq 35,015 milyard ABŞ dollarına düşüb.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Hesabat dövründə hər səhm üçün seyrəltilmiş mənfəət 0,18 ABŞ dolları təşkil edib. Ötən il bu göstərici 0,34 ABŞ dollarına bərabər idi. Şirkətin qazancı 46% azalaraq 146,362 milyard ABŞ dollarına düşüb.

“Qlobal energetika bazarlarının üzləşdiyi müqavimətə baxmayaraq, iqtisadi fəallığın yaxşılaşması səbəbindən üçüncü rübdə bərpa prosesinin ilkin əlamətlərini gördük”, – relizdə şirkətin rəhbəri Amin Nasserdən sitat gətirilib.

Səudiyyə Ərəbistanın dövlət neft-qaz şirkəti olan “Saudi Aramco”nun 2020-ci ilin ilk doqquz ayında orta gündəlik neft hasilatı 9,2 milyon barel olub.

Hesabat dövründə ümumilikdə karbohidrogen hasilatı gündəlik 12,4 milyon barel neft ekvivalenti olub.