“SOCAR Ukraine”: Pandemiya dövründə biz hökumətə kömək etməyə çalışdıq

305

Koronavirus (COVID-2019) pandemiyası və karantin səbəbindən SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində (YDM) yanacaq satışı 30-35% azalıb.

“Report”un məlumatına görə, bunu Ukrayna mətbuatına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinin pərakəndə satış istiqaməti üzrə direktoru İqor Orlov bildirib.

Onun sözlərinə görə, buna səbəb nəqliyyat trafikinin azalmasıdır: “Ancaq sonradan vəziyyət yaxşılaşdı və biz artıq ötən ilin satış həcmlərinə çatmışıq”.

SOCAR rəsmisi bildirib ki, yaranmış vəziyyətə baxmayaraq, şirkət hər hansı yardım üçün hökumətə müraciət etməyib: “Hesab edirik ki, bu anda hökumətə kiçik və orta biznes daha lazımlıdır. Problemlərimizi özümüz şəxsən həll etdik. Bundan başqa, yaranmış çətin durumu anlayaraq biz hökumətə kömək etməyə çalışdıq”.

İ.Orlov bildirib ki, koronavirus pandemiyası dövründə şirkət tibb müəssisələri, həkimlər üçün qoruyucu kostyumlar aldı, həmçinin yanacaq ayırdı: “Bundan başqa, sosial layihələrimizi dayandırmamağa çalışdıq və vaxtından əvvəl doğulan körpələr üçün reanimasiya sistemi satın aldıq. Ümumilikdə bizim bütün işimiz personalımızın və bizim qonaqlarımızın təhlükəsizliyinə yönəldik. Burada biznesimiz ikinci yerdə oldu”.

“SOCAR Energy Ukraine” şirkətinin pərakəndə satış istiqaməti üzrə direktoru qeyd edib ki, satış həcmlərinin azalması ilə şirkətin gəlirləri də aşağı düşüb: “Bu il əsas məqsədimiz mövcud iş yerlərinin, komandanın saxlanılması və istehlakçılarımızın vərdiş etdiyi kimi, komplekslərimizin bütün sutkaboyu işləməsini saxlamaq idi: “Xərcləri azaltmaq, gecə iş növbəsini ləvğ etmək, işləyən insanların sayını və yaxud marketdə satılan məhsulların sayını azaltmaq mümkün idi. Ancaq biz bunu edə bilməzdik. Mənfəətimiz azalıb, ancaq bununla belə gəlirliyimizi saxlaya bilmişik”.

O qeyd edib ki, bu müddət ərzində şirkətin heç bir əməkdaşı ixtisar edilməyib və bütün heyət işlə təmin edilib: “Biz anlayırdıq ki, bütün bunlar xərcdir. Ancaq buna da hazır idik”.