“SOCAR-KBR”in ACE platformasında işləri yekunlaşmaq üzrədir

56

ABŞ-ın nəhəng mühəndislik şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə müştərək təsis etdikləri “SOCAR-KBR” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsi çərçivəsində yeni platformanın FEED (Front End Engineering Design – İlkin Detallı Layihələndirmə) və detallı mühəndislik işlərini başa çatdırmaq üzrədir.

“Report” “KBR” şirkətinin yaydığı məlumata əsasən bildirir ki, BP şirkəti tərəfindən idarə olunan və ümumi dəyəri 6 milyard ABŞ dolları olan AÇG yataqlar blokunda inşa edilməsi planlaşdırılan “Mərkəzi-Şərqi Azəri” platforması hasilat, qazma üçün 48 quyudan ibarətdir ki, o da artıq mövcud olan və 460 fut dərinlikdə yerləşən “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşəcək.

Yeni platformadan çıxarılan neft və qaz boru kəməri ilə İCE-dən AÇG faza-2-nin mövcud neft-qaz kəmərlərinə və Səngəçal terminalına göndəriləcək.

“SOCAR-KBR” yeni platforması üçün ilkin detallı layihələndirməni hazırlayacaq və “Rəqəmsal Əkiz” (Digital Twin) texnologiyasından tam istifadə edilərək konsepsiyadan FEED-ə və detallı dizayna qədər bütün mərhələlər üzrə dizayn edilən ilk platforma olacaq.

“KBR”in məlumatında deyilir ki, “Rəqəmsal Əkiz”in üstünlüklərindən ACE platforması Azərbaycanda müştəri tərəfindən həyata keçirilən istehsal və istismara keçməyə başladığı üçün istifadə edilməyə davam edilir.

Şirkətdən həmçinin bildiriblər ki, “Rəqəmsal Əkiz” texnologiyası “SOCAR-KBR”, müştəriləri və tərəfdaşları üçün bütün icra mərhələləri boyunca dünyanın hər yerindən layihə məlumatlarına çatmaq üçün bir platforma yaradacaq: “Bu texnologiya istifadəçilərə satınalma vəziyyətini və materialların mövcudluğunu izləməyə imkan verir. Bununla da məlumatların yetkinliyinə olan etibarlılığı sayəsində 3D, 4D və 5D planlamaları təmin edir ki, bu da istehsalın artımı və etibarlılıqla nəticələnəcək”.

“KBR”dən bildiriblər ki, əməliyyat mərhələsində operator “Rəqəmsal Əkiz” texnologiyasından istifadə edərək tapşırıqların kənardan yerinə yetirilməsini, sahənin müşahidə edilməsini, təcrid edilmənin layihələndirilməsi və tamamlanması, həmçinin ənənəvi dəniz əməliyyatlarının sahilə köçürülməsi daxil olmaqla işləri yerinə yetirə biləcək.

Xatırladaq ki, “Mərkəzi-Şərqi Azəri” AÇG müqavilə ərazisinin işlənməsinin növbəti mərhələsini təşkil edir. Bu layihənin məqsədi əlavə quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.

“Mərkəzi-Şərqi Azəri” layihəsinin suyun, təxminən, 137 metr dərinliyində, “Mərkəzi Azəri” (MA) və “Şərqi Azəri” (ŞA) platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, “Şərqi Azəri” platformasından “Mərkəzi-Şərqi Azəri” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarət olması planlaşdırılır.

Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Yeni saziş yatağın 2050-ci ilədək işlənməsini nəzərdə tutur.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP – 30,37 % (operator), AzACG (SOCAR) – 25 %, “Chevron” – 9,57 %, “Inpex” – 9,31 %, “Equinor” – 7,27 %, “ExxonMobil” – 6,79 %, TPAO – 5,73 %, “Itochu” – 3,65 % və “ONGC Videsh Ltd.” (OVL) – 2,31 %.