TAP-ın sərbəst güclərin bölüşdürülməsi qaydasını artıq iki ölkə təsdiqləyib

39

Azərbaycan təbii qazını Avropaya nəql edəcək Trans-Adriatik (TAP) Qaz Boru Kəməri Konsorsiumu tərəfindən təqdim edilmiş hərraclar vasitəsilə sərbəst güclərin bölüşdürülməsi prosedurları İtaliya və Yunanıstan hökumətləri tərəfindən təsdiq edilib.

Bu barədə “Report” İtaliya enerji, enerji şəbəkələri və ətraf mühit üzrə milli tənzimləyici qurumuna (ARERA) istinadən məlumat verib.

Bildirilir ki, reqlamentə əsasən, hesablama üsulu və sərbəst güclərin istifadəsi qaydalarına uyğun olaraq, boru kəməri ilə bağlı hər bir hərrac prosesi birləşmə nəqtələrini nəzərə alaraq boru kəmərinin operatorları ilə razılaşdırılaraq həmin ölkənin milli tənzimləyici qurumlar tərəfindən təsdiq ediləcək. Bu zaman boru kəmərinin keçdiyi hər bir ölkənin milli tənzimləyici orqanının mövqeyi nəzərə alınacaq.

Qeyd edək ki, avqustun 10-da 3 ölkənin – Yunanıstan, Albaniya və İtaliyanın tənzimləyici qurumları (müvafiq olaraq RAE, ERE və ARERA) tərəfindən təsdiq edilmiş TAP kəmərinin şəbəkə kodeksi dərc edilib.

Kodeksə əsasən, rəqabətli hərraclar boru kəmərinin keçiricilik qabiliyyətinin bölüşdürülməsini boru kəmərinin hər çıxış nöqtəsi üzrə həyata keçiriləcək. Artıq bu prosedurları hər 3 ölkənin milli operatorları – TSO TAP, “SNAM Rete Gas” və DESFA da razılıq məktubu ilə təsdiq ediblər.

Xatırladaq ki, bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, ümumi dəyəri 5 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin genişləndirilməsi “Şahdəniz” yatağından illik 10 milyard kubmetrə qədər qaldırılması üçün bu ay hazır olacaq.

E.Nəsirov Trans-Adriatik Qaz Boru Kəmərini nəzərdə tutaraq bildirib ki, iki həftədən sonra yeni bir infrastruktur hazır olacaq.

Qeyd edək ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.