Azərbaycan-Naxçıvan quru əlaqəsinin olması bütün region üçün əhəmiyyətlidir.

710

Qeyd etmək istərdim ki, üç ölkə arasında imzalanan məlum 10 noyabr bəyanıtının Ermənistan tərəfinin tam məğlubiyyəti olduğunu ithaf edən ən ümdə bənd bəlkə də, 9-cudur. Həmin bənddə yazılır ki, bölgədəki bütün iqtisadi, nəqliyyat əlaqələri bərpa edilir – Azərbaycanın qərb rayonları ilə özünün ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir.

Bu, çox böyük tarixi hadisədir.

Təkrar edirəm ki, bəyannamə faktiki Ermənistanın kapitulyasiyası deməkdir. Belə ki, sənəddə bütün bəndlər müsbətdir və ölkəmizin qələbəsini ithaf edir, ancaq Azərbaycan və bütövlükdə region üçün ən mühüm bənd Naxçıvanla quru əlaqələrinin bərpası məsələsinin ortaya qoyulmasıdır. O səbəbdən ki, Laçın koridorunun işlək vəziyyətdə saxlanılmasına adekvat olaraq irəli sürülən bu bənd təkcə indinin yox, sovet höküməti yarandığı dövrdən, ümumiyyətlə Zəngəzuru itiməyimizdən bəri Azərbaycan üçün ən böyük və misilsiz əhəmiyyət kəsb edən məsələdir.

Bu, özü ayrıca bir qələbədir.

Düzdür, bunun iqtisadi əhəmiyyətini və bizə verəcəyi mənfəətin səviyyəsini və səmərəsini tam olaraq hələki hesablayıb müəyyən etmək mümkün deyil. Əsas, bu bəndin necə reallaşacağı məsələsidir. Buna isə inam böyükdür, çünki dəhlizə Rusiyaya məxsus sülhməramlı qüvvələr nəzarət edəcək. Bu özü də rus sülhməramlı qüvvələrinin bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu büruzə verir.

Lakin sözüm bunda deyil. Əgər, bu dəhliz təhlükəsiz xarakter daşıyarsa və heç olmasa 80-90 faiz səviyyəsində işləyərsə, Azərbaycan “öz cibinin” hesabına bu infrastrukturu qurması tamamilə realdır. Yəni, buna bizim həm gücümüz, həm də iradəmiz çatır. Çünki bu boyda Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars Dəmir Yolu kimi iri layihələr gerçəkləşdirən bir ölkəyik. Qərb rayonlarımız ilə Naxçıvan arasında ən müasir standartlara uyğun avtomobil və dəmir yolunun qurlması bizim əlimizdə çox xırda bir məsələdir. Əgər, təhklükəsizlik orada tam təmin olunarsa, Azərbaycan dövləti sözügedən aralıqda yerüstü avtomobil nəqliyyatı da çəkə bilər, dəmir yolu da.

Yeri gəlmişkən, Naxçıvanın Türkiyə ilə sərhəd olduğunu da nəzərə alsaq, bunun nə demək olduğu aydındır. Bu, nəinki Naxçıvanla, həm də birbaşa Türkiyə ilə yerüstü əlaqəmiz olacağı deməkdir. Avtomotik olaraq Avropaya təkcə Gürcüstanla yox, həm də digər yolla da qurudan çıxa biləyimiz deməkdir. Uzun illərdir ki, haqqında danışdığımız Böyük İpək Yolunun yeni qolunun açılacağı deməkdir.

Ümumiyyətlə, Azərbaycan-Naxçıvan yerüstü əlaqəsinin olması təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün, Cənubi Qafqaz bölgəsinin iqtisadi inkişafı üçün böyük bir töhfədir. Bu il sentyabrın 27-dək torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan isə qətiyyən bunu düşünmədi.

Belə ki, Azərbaycanla Naxçıvan arasında qurudan ötən 30 il ərzində əlaqə mövcud olsaydı və ümumiyyətlə, işğal faktoru ötən müddət ərzində mövcud olmasaydı bizim Avropaya uzanan bir çox mühüm, məşhur regional əhəmiyyət kəsb edən və Avropa üçün mühüm səmərə daşıyan bir çox strateji layihələrimiz bu ərazindən keçəcəkdi. Həmin layihələrin bununla həm xərci az olacaqdı, həm də o layihələrdən Ermənistan da kənarda qalmayacaqdı.

Bu özü Ermənistanın iqtisadi vəziyyətinə nə qədər böyük töhfələr verəcəkdi.

Amma Ermənistan tərəfi təəssüflər olsun ki, bütün bunları nəinki anlamadı və rədd etdi, əksinə, regionda 30 ilə yaxın Azərbaycan kimi qonşu ölkənin ərazisini işğal altında saxlamaqla, həm bütün kommunikasiya vasitələrini iflic vəziyyətdə saxladı, həm də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin həyata keçirilməsini 30 ilə yaxın bir müddət ərzində şikəst vəziyyətdə qoydu.

Ancaq, itirən yenə Ermənistanın oldu. Belə ki, ötən müddət ərzində Azərbaycan dövləti heç də aciz qalmadı. Naxçıvan həm İran vasitəsilə, həm Türkiyə vasitəsilə, həm də hava nəqliyyatı vasitəsi ilə qeyd olunan ötən müddət ərzində sadə dillə desəm, tək qalmadı. Naxçıvana rəsmi Bakı həmişə istənilən yardımı, nəzarəti həyata keçirib, bu bölgənin inkişafına yaxından dəstək oldu. Aydındır ki, bunlar bizə ucuz deyil, baha başa gəlib. Çünki biz bunları əsas etibarilə İran ərazisindən yerinə yetirmişik. Və bu baxımdan, həm məsafə uzaq olub, həm də hava nəqliyyatı özü baha xarakter daşıyıb.

Amma təkrar edirəm, Naxçıvanı heç vaxt tək qoymamışıq. Odur ki, ötən 30 il müddət ərzində regionda iflic vəziyyəti və şikəst bir mənzərə yaradan Ermənistan yalnız özü-özünü pis vəziyyətə qoyub. Bununla yanaşı, bütün Cənubi Qafqaz regionunu da iflic vəziyyətdə saxlayıb. Halbuki, özünün götürəcəyi xeyir heç də Azərbaycandan az olmayacaqdı.

Sözün qısası, Azərbaycanın öz tərkib hissəsi olan Naxçıvan ilə qurudan əlaqəsinin, gediş-gəlişinin olmasında Rusiya da, bütövlükdə Avropa və Asiya ölkələri də, o cümlədən İran başda olmaqla Cənub ölkələri də maraqlı olmalıdırlar və buna əslində, ciddi səy göstərməlidirlər.

Çünki bunda hər kəsə çatacaq bir pay mövcuddur.

Ölkəmizdə son illər ərzində nəqliyyat infrastukturu sahəsində hansı işlər görüldüyü hər kəsə bəllidir. Ələtdə Beynəlxalq Bakı Ticarət Limanı üzrə həyata keçirilən tikinti-quraşdırma işləri, Bakı-Tbilisi-Qars dəmir yolu, istər Qərb-Şərq, istərsə də Şimal-Cənub ikitərəfli istiqamətdə müasir avtomobil yollarının salınması və sair, Azərbaycanı böyük bir dəhlizə çevirib. Bütün bunların fonunda Naxçıvanla da yerüstü əlaqənin təmin olunacağı bu dəhlizə əlavə bir töhfədir – özü də yenə məhz Azərbaycan tərəfindən təmin edilən və verilən möhtəm bir töhfə. Sadəcə olaraq, bu dəfə ölkəmizin hərbi gücünün diqtəsi ilə ərsəyə gələn və ortaya qoyulan bir töhfə…

Odur ki, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili regionun və ayrılıqda öz iqtisadi tərəqqisinə çalışan hər bir tərəfin – ölkənin vəzifəsidir, borcudur.

Pərviz Heydərov